“Sürünərəm dizin-dizin…” –Şahnaz Haşımova sənətinə kiçik ekskurs

Teleməkanların qıtlıq dövründə keçmiş AzTV-nin öz imkanları daxilində, bəlkə də xəsisliklə çox gec-gec proqrama saldığı “Oxuyur Ş.Haşımova” bildirişini həvəslə gözləyərdik. Aha, gəncəli qızı oxuyacaq. “Göy-göl” ansamblının müşayiəti ilə…

-Gözün şəhla, kiprik oxdu,
Köçən köçdü, dönən yoxdu,
Darıxmaram, səbrim çoxdu,
Ölüncə gözlərəm səni.
Aşıq Alı klassikasından bu sətirlər Şahnaz xanımın möhtəşəm ifasında…könüllər riqqətə gəlir…insanlar duyğulanır…xatirələr oyanır…bir insan həyatının bütün təbəddülatları, acılı-şirinli bütün yaşantıları…daha nələr…ömür boyu qazanılan bütün təcrübələr, dözümlülüklər bir anda göz önündə və yaddaşlarda canlanır. Gəncəli qızı isə öz sənətkarlıq prizmasının süzgəcində heç nəyə fikir vermədən oxuyur, oxuya-oxuya tamaşaçıya yüksək sənətkarlıqla çatdırdığı sənət əsərləri ilə bərabər özünün də təkrarsız portretini cızır.

Şəbnəm üstə aydın izin,
Mehman mənəm – diyar sizin,
Sürünərəm dizin-dizin,
Yolunca gözlərəm səni!

Sözlərin musiqi ilə yaratdığı vəhdətində canlanan peyzaj Şahnaz xanımın ekranda elə xanımsayağı sakitcə yerişinin fonunda yaratdığı ovqatı büsbütün tamamlayır. Bu yerdə Kitabi-Dədə Qorqud dastanında abidələşmiş, türk dünyasında xanımın davranış və hərəkətlərinə verilən dəyərin də bir qismini özündə ifadə edir Şahnaz xanım:

-İncə donlum, yer basmayıb yeriyən

Başım baxtı, könlüm taxtı sevgilim.

Və birdən onun kəsmə-şikəstəsinin haləsinə düşürsən. Kəsmə-şikəstəni ancaq Böyük sənət fədailəri ifa edə biliblər. Bu sıranı Şövkət xanım Ələkbərova, Fatma xanım Mehrəliyeva, Şahnaz xanım Haşımova… möhürləyiblər. Hamısı göz önündə, hamısı Azərbaycan və internet vasitəsilə bütün dünya seyrçilərinin ixtiyarında. Hamısı da başucaldan, bənzərsiz, spesifik…

…Oxudun əqlim apardın,

Səsin gəlsin sarı bülbül.

Bu məşhur mahnını da ən çox iki sənətkarın ifasında sevib tamaşaçı. Səxavət Məmmədovun və Şahnaz Haşımovanın. Sevib demək bu yerdə bəlkə də onu tam ehtiva eləmir. Gözümüzə təpmişik bu ifalarda təbiətimizin füsunkar gözəlliklərini, eləcə də sevginin, məhəbbətin bir çox çalarlarını yaşadan bəstəni.

…Sənəti və ailə dəyərlərini bir arada tutmağın öhdəsindən bacarıqla gəlmiş Şahnaz xanımın bu spesifikliyini də qeyd etməsək olmaz. Bütün dedi-qodulardan uzaq, yalnız Allahın insana bəxş etdiyi yaratmaq, yaşatmaq, Azərbaycançılıq və bəşəri dəyərləri qorumaqla həyatına davam etmək hər müğənninin işi deyil və olmayıb zatən. Şahnaz xanım bu anlamda da liderlər sırasındadı. Bunu daha geniş yazmaq üçün onunla həmsöhbət olmaq gərəkdi. Lakin hazırda səhhətində yaranan problemlərlə ilgili bu görüşə can atmaq istəmədim. Ona sağlam və uzun ömür diləyilə…qismət…

Hələliksə sənətkarın ifasında ölməz “Bu ayrılıq nədən oldu?”, “Durnalar”, “Gəncəmiz”, “Yar gəldi”, “İntizar” və digər çoxsaylı sənət əsərlərinin həzin laylası altında sizləri Şahnaz xanım sənətinin yaratdığı əsrarəngiz duyğularla baş-başa buraxıram.

Nəzirməmməd Zöhrablı,

jurnalist

Əvvəlki məqalə

Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuş həyata keçirəcək

Sonrakı məqalə

“General Surovikinə “yaxşı vəzifə” verilib”