Şuşa Qlobal Forumunun mesajı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib.

Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.

Həmçinin Qlobal Forum çərçivəsində bəzi “side-event”lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib.

Forumun “Medianın gələcəyi: Ənənəvi media üçün növbəti addımlar; Rəqəmsal transformasiya diqqət mərkəzində”, “Yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk-nyusla mübarizə üsulları)” və “Jurnalistlərin təhlükəsizliyi” mövzusundakı panellərdə də  bir çox maraqlı məqamlara toxunuldu, jurnalistlərə qarşı müxtəlif təhdidlər, sosial medianın gətirdiyi yeni faktorlar kimi aktual mövzular ətrafında faydalı müzakirələr aparıldı.

Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.

Forumda Prezident İlham Əliyevin jurnalistlərlə açıq söhbəti və suallara geniş cavabları tədbirin xüsusi formatını müəyyən etdi.

Dövlət başçısının sosial media ilə bağlı fikirləri böyük maraq doğurdu. “Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm”- deyə Prezident İlham Əliyev çıxışında deyib. Sosial medianın və KİV-in əhəmiyyətindən danışan ölkə başçısı vurğulayıb ki, media onun gündəlik işlərində yardımçı olur. “Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir. Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur”.

Dövlət başçısı dedi ki, hətta nəvələri ona müəyyən məlumatları verirlər: “Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar əlbəttə məni də qıcıqlandırır. Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm və bu, məmurlarda da intizam yaradır”.

Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Forumun yekunları ilə bağlı açıqlamasında bildirib ki, tədbirdə rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri müzakirə olunub: “Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın, dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı. Prezident İlham çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu”.

Əhməd İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılmasıdır. O bildirib ki, forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulanıb və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib: “Belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin fikrincə, forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi isə ayrıca dərin rəmzi məna kəsb edir.

“Cənab Prezidentin medianın gələcəyi, azad, müstəqil media ilə bağlı səsləndirdiyi fikirlər, o cümlədən, Azərbaycan mediasının müstəqilliyinin cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu, mediamızda sağlamlaşma prosesinin uğurla getdiyini xüsusi vurğulaması olduqca əhəmiyyətli məqamlar idi”. Prezident İlham Əliyevin sosial medianı izlədiyini, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrəndiyini, həm sosial medianın, həm də ənənəvi KİV-in ona yardımçı olduğunu dilə gətirməsi də böyük  məmnunluqla qarşılandı.

Şuşa Media Forumunun mesajı Vətən müharibəsindən sonra ortaya çıxmış yeni vəziyyətə və onun tələblərinə, meyarlarına yanaşmanın çağırışı oldu. Bu mesaj qalib ölkənin azad və müstəqil mediası üçün platforma qurmaq istəyini nümayiş etdirdi.

Eyni zamanda cəmiyyətin indikatoruna çevriləcək yeni medianın çağırışlarının, geopoltik təhdidləri trafaret, şablon izahlarla deyil, aydın və tutarlı arqumentlərlə təhlilinin vacibliyini göstərdi.

Bu gün informasiya internetin “hörümçək torunda” itib-batan dünyada heç vaxt bu qədər həlledici, taleyüklü olmamışdı.

Azərbaycan yeni medianın bu inqilabi dövründə heç bir halda çağdaş trendlərdən geri qala bilməz. Azərbaycanın ictimai rəyə və dünyaya mesajını, yerini, görülən işlərin aynası və hörmətinin əsas platforması güclü və oxucu etimadı olan mediadan keçir.

Sosial şəbəkədə dezinformasiyanın qarşısını güclü, peşəkar, oxucunun kütləvi etimadını qazanmış KİV-lər ala bilər.

Dünyada sosial mediadan yayılan dezo, yalan, birtərəfli xəbərlər ciddi baş ağrısına çevrilib. Amma aparıcı ölkələr bunun qarşısına imzası milyonlarda etimad doğuran jurnalistlərlə, hörməti şübhə doğurmayan media qurumları ilə və onların dürüst, qərəzsiz ictimai nəzarət sistemi ilə çıxıırlar.

Feyk-xəbərlərin qənimi doğru və zamanında açıqlanan məlumatlardır.  Xəbərin vaxtında yayılması üçün nazirliklərin, icra strukturlarının məmurları da jurnalistlərlə birgə məsuliyyət daşıyır.

Bu gün Tik-tok-da bir xəbər yarım saata 1 milyon baxış yığır, “YouTube” heç bir məsuliyyəti olmayan “açıq mikrofon”larından səslənən şübhəli və mənbəyi olmayan informasiyaların baxşı sayı milyonları ötür.

Bu məsələlər kompleks şəkildə həll olunmalıdır. KİV-də islahatların mühüm aspektləri yeni media üçün bunları tələb edir. Şuşada Beynəlxalq Media Forumunun əsas trendi də bu idi.

İnformasiya təhlükəsizliyi çağdaş dünya ölkələrinin ən vacib problemi hesab olunur. Müharibədən çıxmış Azərbaycan üçün bu ikiqat mühümdür. Dövlətin maraqlarının və ictimai nəzarətin “qırmızı xətləri” vətəndaşlıq mövqeyindən, güclü KİV-dən və peşəkar mediaya etibar edən məsuliyyətli oxuculardan keçir.

Şuşa Media Forumunun mütəmadi şəkildə keçirilməsi, burada media ilə bağlı müxtəlif vacib mövzuların tanınmış ekspertlərlə, məşhur mütəxəssislərlə müzakirəsi Şuşanı ən fərqli fikrlərin səslənə biləcəyi azad media məkanına çevirə bilər.

X.SƏFƏRLİ

Yazı MEDİA-nın dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Sonrakı məqalə

Moskvada dronların düşdüyü yerlərdən