Şuşa Qlobal Media Forumunda saxta xəbərlə mübarizə müzakirə olunub

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinfprmasiya və feyk nyusla mübarizə üsulları) ” adlı panel müzakirəsi olub.

Panel müzakirəsində iştirakçılar media məhsullarının istehsalı, ənənəvi media və sosial medianın təqdim etdiyi imkanlar, feyk nyusla mübarizə barədə fikir mübadiləsi aparıblar.

PA Media Qrupun Baş icraçı direktoru Kliv Marşall paneldə çıxışında bildirib ki, ənənəvi media artıq rəqəmsal mühitdə öz liderliyini itirir: “İstehlakçıların tələblərini, maraqlarını nəzərə almaq lazımdır, auditoriya qısa, yığcam və operativ informasiya istəyir. Gənc nəsil ağıllıdır, nəyin təbliğat olduğunu anlayır. Əgər biz ənəvi mediadan danışırıqsa, insanların ona güvəni olmalıdır”.

“DigiTips” şirkətinin baş icraçı direktoru Matthias Lüfkens deyib ki, sosial media auditoriyanın istədiyi qısa, yığcam xəbər imkanını təqdim edir: “Twitter“, “YouTube”, “TikTok” və s. bu imkanları təqdim edir, ona görə də biz bu yeni platformalara adaptasiya olmalı, onlardan istifadə etməliyik. Biz hazırladığımız kontenti bu platformalara uyğunlaşdırmalıyıq”.

Matthias Lüfkens deyib ki, sosial medianın doğru və səmərəli istifadəsi üçün media savadlılığı vacibdir: “Biz həmişə sosial medianın pis tərəflərini eşidirik onun imkanlarını deyil. Amma səmərəli istifadə üçün biz öz uşaqlarımızı öyrətməliyik. Eyni zamanda sosial mediada feyk nyusla mübarizə üçün cəmiyyətin media savadlılığını artırmalıyıq”.

Müdafiə analitiki Oubai Şahbandar panel çıxışında bildirib ki, müharibə jurnalistikasında görüntülər, videolar çox vacibdir. “Müharibə və post müharibə vəziyyətini təqdim edirsinizsə, hətta region barədə videolar paylaşırsınızsa, sizi “dezinformasiya”da da ittiham edə bilərlər. Ancaq jurnalist kimi bizim işimiz faktları olduğu kimi videolar və digər materiallarla təqdim etməkdir”.

Oubai Şahbandar sosial mediada tətbiq olunan məhdudiyyətlərdən də danışıb və bildirib ki, bəzən bu məhdudiyyətlər insanların informasiya çıxışına mane olar. O, Qarabağ münaqişəsi və 44 günlük müharibə ilı bağlı sənədli filminin “YouTube”də məhdudiyyət tətbiq olunduğunu və bunun guya bu görüntülər həssas olması ilə bağlı əlaqələndirildiyini xatırladıb.

O, Qarabağ müharibəsi və regiondakı münaqişənin vəziyyəti ilə bağlı təcrübəsini xatırladaraq deyib ki, bu regionda baş verənlərlə bağlı beynəlxalq mediadan müxtəlif səslər gəlirdi və gəlir: “Amma bizim işimiz bura səfər edib gördüklərimizi yazmaqdır.

Mən dünən Şuşada qısa video çəkdim, gördüklərimi çəkdim və paylaşdım. Bu görüntülərlə bağlı trol şərhləri yazılır, onlar inkar edir ki, burada dağıntı yoxdur, guya mənim regionla bağlı məlumatım yoxdur, Şuşanın hara olduğunu bilmirəm. Bu trollar gerçək görüntünü inkar edirdilər. Belə yanaşmalar yeni deyil, siz jurnalist kimi belə şeylərə hazır olmalısınız”.

Gürcüstan İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili panel çıxışında bildirib ki, bugün insanların əlində mobil telefonları var, onların hər an informasiyaya çıxışı var: “Bunu bəyənsək də, bəyənməsək də reallıqdır, ona görə də biz ənənəvi media olaraq rəqəmsal dünyaya adaptasiya olmalıyıq. Biz texnoloji yenilikləri imkana çevirməli, istifadə etməliyik”. (APA)

Əvvəlki məqalə

Tviter əsas simvolundan imtina edir

Sonrakı məqalə

Bakıda Lisey imtahanında 6 yaşlı uşağa verilən “sual” valideyni şoka saldı –