Şuşakənd hərbi xidmətdən tərxis olunan ilk əsgərini qarşıladı

Xocalı rayonunun Şuşakəndi ilk əsgərini qarşılayıb.

AzPost bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir. Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideyinlər üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an oldu.

Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıtmışdı. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb. Şuşakənddə ilk əsgərin qarşılanması azad edilmiş ərazilərdə həyatın bərpasının canlı göstəricisidir. Bu gün bu torpaqda dalğalanan bayraq, sevinc, insanların üzündəki təbəssüm sabaha olan inamı daha da möhkəmləndirir.

Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazıldı.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.