Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq –Tenderin qalibi məlum olub

Şuşa şəhərinin baş planını Böyük Britaniyanın Chapman Taylor şirkəti hazırlayacaq.

Azpost.info BBC radiosuna istinadən bildirir ki, şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub.

Şirkətə bu işlə bağlı 4 milyon manata yaxın vəsait ödəniləcək.

1959-cu ildə təsis edilən Chapman Taylor-un saytında qeyd olunur ki, bu illər ərzində şirkət Asiya, Avropa və Orta Şərqdə bir sıra layihələr həyata keçirib.

Şuşanın baş planının hazırlanması layihəsi şirkətin Azərbaycanda görəcəyi yeganə iş deyil. Buna qədər Chapman Taylor Azərbaycanda müxtəlif illərdə K Residence, Port Baku Tower, Gənclik Mall, Dəniz Mall-ın planını hazırlayıb. Hər 4 layihənin sifarişçisi Paşa Construction olub, şirkətin saytında qeyd olunur.

Çərşənbə axşamı Azərbaycan parlamenti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini müzakirəyə çıxarıb və birinci oxunuşda qəbul edib.

Azərbaycan Prezidentinin Milli Məclisə tövsiyə etdiyi qanun layihəsində təklif edilir ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılsın və giriş-çıxış tənzimlənsin.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin mayında Şuşa mədəniyyət paytaxtı elan edilib.

Şəhər 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlanıb

Sonrakı məqalə

Müdafiə Nazirliyi Ermənistanın Kəlbəcərdə təxribatının detallarını açıqladı