İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni həyata keçirməyəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmə hüququ da alınıb.
Artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in strukturunu və ştat vahidlərinin ümumi sayını müəyyənləşdirməyəcək, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin TƏBİB rəhbərlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti olmayacaq.