Tələbələr AMEA-nın kitabxanasından narazıdır –

Kitab oxumaq üçün 150 manat tələb olunur
29 Fevral 2020 - 13:13

AMEA-nın kitabxanasından istifadə edən tələbələrdən 150 manat tələb edilir.

Azpost.info bildirir ki, bu barədə tələbələr sosial şəbəkədə məsələ qaldırıblar.

Tibb Universitetinin tələbəsi Gülzar Qamboyzadə yazıb ki, əvvələr illik ödənişi 5 manat olan AMEA kitabxanası daha sonra illik xidmət haqqını 100 manata (aylıq 10 manat) qaldırıb: “Hal-hazırda isə kitabxananın yeni ödəniş qiyməti illik 150 manat olacağı açıqlandı. Üstəlik əvvələr aylıq ödənişə 27 iş günü daxil idi, indi isə onu azaldaraq 20 günə endiriblər. Dərs oxumaq üçün 20 günə 15 manatdan ödəməliyik. Bu isə tələbələr üçün böyük məbləğdir”.

Problemlə bağlı digər tələbələr yazıb: “Həftəsonlarında işləmirlər, bayramlarda işləmirlər, ayda bir dəfə olunan sanitariya günlərində işləmirlər. Göstərdikləri xidmətlər eyni olaraq qalıb. Kompüterlərin və internetin, kitabxananın həcminə görə çox kiçik bufetinin olması və bufetdə satılan çay və qəhvə.
Tələbələrin keyfiyyətli təhsili üçün kitabxana önəmli faktorlardan biridir. Dünya praktikasında da görürük ki, kitabxanalar kifayət qədər geniş və çox sərfəli olur. Təəssüf ki, bizdə belə deyil. Yüz mindən çox tələbəsi, 4 milyona yaxın əhalisi olan (kitabxanalardan təkcə tələbələr istifadə etmir) Bakı şəhərində 2 geniş kitabxana fəaliyyət göstərir.Biri də tələbələrə belə qiymət oxuyur.
AMEA və kitabxana rəhbərliyindən bunları nəzərə almasını, uyğun şəraitin yaradılması üçün xahiş və tələb edirik!”