Tələbələrin köçürülməsi üzrə müraciətlərin sayı

AÇIQLANDI
05 Fevral 2020 - 18:05

Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün saat 14:00-dək ümumilikdə 906 nəfər köçürülmək, yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib. 5959 nəfərdən 61-i magistratura səviyyəsindən, 129-u xaricdə yerləşən ali təhsil müəssisəsindən, 816-sı orta ixtisas təhsili müəssisəsindən, 4953 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülən və ya ixtisası dəyişdirilən tələbələrdir.