Təəssübkeşliyi deyil, qardaşlığı təbliğ edən Şeyxülislam

Azərbaycanın dünya çapında mövqeyini ifadə etmək üçün mötəbər tribunalar vacib şərtlərdəndir.

Beynəlxalq platformalara çıxış və bu kürsülərdən ölkənin mesajını, siyasi iradəsini və ictimai rəyini çatdırmaq böyük məsuliyyət, effektiv əlaqələr və uğurlu ictimai xadimin meydanda olmasını tələb edir.

Bu gün dünyada dini rəhbərlər qlobal proseslərin mühüm parçası kimi çıxış edir. İstər Roma Papasının, istərsə də nufuzlu müsəlman dini liderinin, parovslav ruhanilərinin bəyanatları dünyada şərə və bəşərə Tanrı tərəfindən əta olunmuş təbii hüquqlarının müdafiəsində ciddi əhəmiyyət daşıyır.

Müxtəlif sammitlərdə bir araya gələn bu ictimai xadimlərin, dini rəhbərlərin dünya işləri barədə birgə mövqeyi dünyada siyasi gərginliyin, insan faciələri ilə müşaiyət olunan böhranların həlli üçün vacib platforma sayılır.

Azərbaycan da Cənubi Qafqazın lider ölkəsi olaraq bu prosesə öz töhfələrini verir. Prezident İlham Əliyevin siyasi xətti regionda və ümumilikdə dünyada sülhün təmin olunmasına yönəlib. Azərbaycan bu baxımdan bütün ictimai xadimlərinin beynəlxalq tribunalarda çıxışının əsas qayəsi bu sülh prinsiplərini təbliğ etmək və bəşəriyyət üçün təhlükəsiz dünya qurulmasında töhfələrini verməkdir.

Uzun illərdir ki, Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizin bu mesajını beynəlxalq platformalarda uğurla çatdırır.

Şeyxülislamı dünyanın dini liderləri arasında nufuzunu şərtləndirən amillərdən biri tolerantlıq prinsipidir. SSRİ-nin daş kimi soyuq və amansız ateizm rejiminin ağır fəsadlarını canlı yaşayan A.Paşazadə bu baxımdan ayrıseçkilik, dini təqib və əzabın təkcə bir ümmət üzərində deyil, bütün səmavi dinlərə etiqad edənlərin həyatında necə ağr iz buraxdığını yaxşı bilir. Ona görə də, Azərbaycanın elan etdiyi tolerantlıq prinsiplərinin cəmiyyəti birləşdirməyə, dövlətin müxtəlif əqidə mənsublarının birgə əməkdaşlıq və qardaşlıq mühitinin formalaşması üçün vacib çağırış kimi qəbul edir.

QMİ sədrinin dünya dini liderləri arasında nufuzunun arxasında ötən 40 ili əhatə edən böyük bir dövr durur. QMİ sədri müstəqil Azərbaycanın mürəkkəb və taleyüklü dönəmlərində arxa planda qalmağa üstünlük verməyib, əksinə bulanıq suda balıq tutmaq istəyənlərə qarşı ən sərt mövqedə durub.

Şeyxülislamın mötəbər konfranslara dəvət alması, orada çıxışları, inancından asılı olmayaq Azərbaycan üçün böyük bir dost şəbəkəsini qura bilməsi onun ictimai xadim olaraq çoxillik fəaliyyətinin nəticələrindəndir.

QMİ sədrinin İslam Əməkdaşlıq Təşkilatında, Vatikanda, Pravoslav Kilsəsində ən əziz adam kimi qarşılanması Azərbaycanda bərqərar olmuş tolerantlıq, səma dinlərinin qardaşcasına birliyindən qaynaqlanır. Azərbaycan bu “çələngi”ni fəxrlə bütün dünyaya nümayiş etdirir. Avropanın ksenofob dairələri, Yaxın Şərqin radikal təməlçiləri, ultra millətçilər, insanların inanca görə təqib olunduğu ölkələr bizim bu birliyimiz qarşısında aciz qalır, nifrət püsükrən ritorikaları sönür, tezisləri əhəmiyyətini itirir.

QMİ sədri fəaliyyətini müsəlman təəsübkeşliyi üzərində deyil, Allahın ən gözəl yaradılış qüdrəti sayılan insanların yer üzündə qardaşlığına istiqamətlənib. Azərbaycan insanların dinə, əqidəyə, rəngə görə bölünməsinə, bu idbar tezisləri dəstəkləyən qüvvələrə qarşı diam ardıcıl mübarizə aparır.

Bu baxımdan Şeyxülislamın səsi dünyanın ən mötəbər platformalarından gəlir. Bu günlərdə Hindistanın Pune şəhərində G20 “Böyük İyirmiliyin” Dinlərarası forumu keçirilib.

“Böyük iyirmilik” (G20) çağdaş dünyada iqtisadi qüdrətlərin vahid qurumu olmaqla dünya nizamının qorunmasında, iqtisadi perspektivlərin, ictimai münasibətlərin, siyasi mesajların ifadə olunmasında mühüm rıçaq sayılır. Ona görə də, G20-nin dünyanın dini liderlərinin iştirakı ilə toplantıları yuxarıda saydığımız prioritetlərin mühüm detalıdır.

Prezident lham Əliyevin multkulturalizmlə bağlı siyasəti G20 formatının diqqətindən kənarda qalmayıb. Hindistanda keçirilmiş G20 ölkələrinin Dini Forumunda Azərbaycan özünün tolerantlıq modelini bir daha təqdim etmək üçün füsət əldə etdi.

Hindistan kimi çoxkonfessiyalı və milyarddan çox insanın yaşadığı ölkədə vaxtaşırı kəskinləşən dini mübahisələr dövlət üçün mühüm təhdidlər yaradır. Bu baxımdan Şeyxülislamın birgə yaşam qaydalarının fundamentl əsaslarını təbliğ edən çıxışı belə təhlükələrdən əziyyət çəkən tərəflər üçün vacib amillərdən sayılır.

G20 flatforması Azərbaycan üçün yeni deyil. Ötən il Bakıda G20 Sammitinin Dinlərarası Dialoq Forumunun regional ön iclası keçirilib, beynəlxalq gündəmdə olan aktual problemlər müzakirə edilib.

Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Bakı dünya üçün aktual olan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Bu sırada Şeyxülsilamın təşəbbüsləri də vardır. Bakıda Dünya Dini Liderlərinin iki dəfə keçirilmiş Zirvə Görüşü Bakı üçün çox vacib olan bir sıra mesajlarını təqdim edib. Bbu sırada Azərbaycanın ərazi bütövlüyünə dəstək Bəyanatı mühüm oldu.

Azərbaycanın dialoq platforması kimi geniş perspektivləri QMİ sədrinin beynəlxalq əlaqələrində özünü göstərib. Bu, Vatikanla münasibətlərdə əsas məqamları şərtləndirib. Azərbaycanla Vatikan arasında etimada əsaslanan əməkdaşlıq Roma Katolik Kilsəsi ilə QMİ arasında olan əlaqələrdə xüsusi yer tutur. Şeyxülislamın Roma Papasının dəvəti ilə Vatikana səfəri bu baxımdan unikaldır. A.Paşazadə Vatikana rəsmi dəvət almış ilk müsəlman din xadimi olub. Vatikanla əlaqələr Azərbaycanın dünya çapında özünün haqlı mövqeyinin ifadəsi üçün daim dəstək alan münasibətlər olub.

QMİ sədri regional əməkdaşlıq mərkəzi üçün bazanın da təşkilində mühüm rol oynayıb. Qafqaz dini rəhbərləri ilə sıx münasibət, Rusiya Pravoslav Kilsəsinin, gürcü pravoslav Kilsəsinin dini rəhbərləri ilə A.Paşazadə arasında mehriban və etimadlı münasibətlər bir çox problemlərin kollegial olaraq həll olunmasına, iki dövlət arasında zəruri mədəni, dini və s. mesajların çatdırılmasında vacib nüansdır.

QMİ sədri son 30 ildə ölkəmizin üzləşdiyi qanlı və faciəli Qarabağ probleminin həlli, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq platformalarda  fəal iş aparıb.

44 günlük Vətən müharibəsi zamanı dünyanın ayır-ayrı dini liderlərindən, qurumlarından dəstək bəyanatları Ermənistanın, Apostol Kilsəsinin münaqişəni dünyaya “dini zəmində” olması barədə hay-küyünün beşiyindəcə boğdu.

Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşərək beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdi.

Dünya birliyi azad edilmiş ərazilərdə baş vermiş vandalizm aktlarının şahidi oldu.

“Qürur hissi ilə deyə bilərəm ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq mədəniyyətlər arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, ibadət və ayinlərini sərbəst şəkildə icra edirlər. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramın göstəricisidir.”

Şeyxülislam G20-nin Dini Forumunda çıxışında bu sözləri deyib.

Bu,ölkəmizin min illik tarixindən boylanan, nəsillərin bizə qalan müqəddəs mirasıdır. Dövlətimizin dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri bu mirasın fundamental əsaslarını qoruyur, inkişaf etdirir, dünyaya göstərir.  Bu işdə QMİ sədrinin, Qafqazın Şeyxülislamının da payı danılmazdır.

Aydın ABBASOV

 

Əvvəlki məqalə

Silahları təhvil verən erməni əsilli şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir

Sonrakı məqalə

Türkan Şoray və Kadır İnanır ələ-ələ tutaraq səhnəyə çıxdılar –