TƏBİB ləğv ediləcək? –AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. R.Bayramlının vəzifəsindən istefa verməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Belə ki, müzakirələrdə TƏBİB-in ləğv olunacağı barədə fikirlər, iddialar da səslənməkdədir.

Azpost.info-nun məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Ramin Bayramlının və ya digər hansısa məmurun tutduğu vəzifədən istefa verməsi normal haldır. Ona görə də, bundan xüsusi müzakirə mövzusu açmaq doğru deyil. Komitə sədrinin sözlərinə görə, TƏBİB-in fəaliyyətinin istər uğurlu, istərsə də uğursuz cəhətini təkcə R.Bayramlı ilə əlqələndirmək düzgün olmaz: “O, TƏBİB-in İdarə Heyətinin sədri olub və heç vaxt təkbaşına qərarlar qəbul etməyib. Amma problem ondadır ki, TƏBİB yaranandan, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanan vaxtdan koronavirus pandemiyası dünyanı cənginə aldı. Həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in bütün strukturları pandemiya ilə mübarizəyə cəlb olundular. Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ölkəmiz pandemiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edib. Bu, BMT səviyyəsində də etiraf olunur. Amma müəyyən problemlər də var. Biz arzu etdiyimiz nəticələrə hələ gəlib çatmamışıq. İcbari tibbi sığortanın ölkədə tətbiqi bizim arzu etdiyimiz və gözlədiyimiz səviyyədə qurulmayıb”.

TƏBİB-in ləğv olunub-olunmamasına gəlincə, Musa Quliyev hesab edir ki, bu  məsələ ölkə rəhbərliyinin, hökumətin qərarından asılıdır: “Amma mən mütəxəssis kimi deyə bilərəm ki, yəqin gələcəkdə TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilməlidir, ya da struktur olaraq ayrıca fəaliyyət göstərərək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrılmalıdır. Agentlik sifariş verən, pulu ödəyən təşkilatdır, sifariş verən təşkilatla icra edən təşkilatın bir strukturda olması dünya təcrübəsində də özünü doğrultmayıb. Çünki burda nəzarət funksiyası sifariş verən təşkilatda olmalıdır. Dövlət Agentliyi xidməti sifariş verirsə, onun pulunu ödəyirsə onunla TƏBİB-in arasında birbaşa şaquli asılılıq  olmalı deyil. Dövlət Agentliyi yeni qurum olduğu üçün bütün xidmət strukturunun onun nəzdində olması ilkin mərhələ üçün doğru addımdır. Amma gələcəkdə bu iş tam oturuşandan sonra TƏBİB-in ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrılması, ya da Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi doğru olar”.

Komitə sədri TƏBİB-in ötən dövr ərzindəki fəaliyyətinin araşdırılmasını da təklif edib: “TƏBİB-in indiyə qədərki fəaliyyətinin səlahiyyətli və müstəqil bir komissiya tərəfindən  araşdırılması yaxşı olar. Araşdırma nəticəsində ortaya çıxan nöqsanlar aradan qaldırılmalıdır. Bu ümumi işimizin də xeyrinə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Diaspora Komitəsində kadr dəyişikliyi –

Sonrakı məqalə

Sentyabrın 15-də ölkədə pensiyalar tam ödəniləcək