Tələbələrin yekun attestasiyası ləğv olunub- Bakalavriat pilləsində

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, ““Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib.

Qüvvədə olan Qaydalara əsasən, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Dəyişikliyə əsasən, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcək.

 Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələrin yekun dövlət attestasiyasına buraxılması, yekun attestasiyanın bütün təhsilalanlar üçün məcburi olması, onun hazırlanmasına və təşkilinə ayrılan müddətin 6 həftə olması, yekun attestasiyanın təşkili və keçirilməsi qaydalarının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilməsinə dair müddəalar ləğv olunub.

Qüvvədə olan Qaydalara görə, yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Dəyişikliyə əsasən, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil ediləcək.

Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbələrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib

Sonrakı məqalə

Azərbaycana 10 kq-dan çox narkotik gətirən şəxs tutuldu