Tacikistan da Rusiyaya “yox” dedi- Aİİ-yə girməkdən imtina etdi

Kremlin Orta Asiyadakı təsir zonasını ələ keçirmək cəhdləri postsovet ölkələri rəhbərliyinin müqaviməti ilə üzləşməkdə davam edir. Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmaq təklifini gülüşlə qarşılayan Qazaxıstanın ardınca Tacikistan da Moskva ilə əməkdaşlıq formatını genişləndirməkdən imtina edib. Düşənbə Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq imkanını nəzərdən keçirmədiyini açıq şəkildə bəyan edib.

Azpost.info xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi ötən gün ölkəyə səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını şərh edərkən bildirib.

Orta Asiyanı Kreml və “kollektiv Qərb” arasında qarşıdurmada yeni cəbhə adlandıran Lavrov Tacikistanın Aİİ-nin üzvü olacağına ümid etdiyini bildirib.

“Qərb əməkdaşlıq proqramları təklif etməklə özü üçün regionun siyasi və iqtisadi mənzərəsini yenidən formatlamağa çalışır, lakin Moskva ümid edir ki, Tacikistan hakimiyyəti tezliklə Avrasiya İqtisadi Birliyinə qoşulmağın faydalarını müəyyən edəcək”, – Lavrov deyib.

Səmədi rusiyalı nazirə “bu məsələ gündəmdə deyil” açıqlaması ilə cavab verib. O əlavə edib ki, Tacikistanın Aİİ-yə üzvlük məsələsi nə Lavrovun ölkə prezidenti Emoməli Rəhmonla görüşündə, nə də ölkənin xarici işlər naziri Sirociddin Muxriddin ilə danışıqlarda müzakirə olunub.

“Düşənbədə keçirilən görüşlərdə ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi, regional təhlükəsizlik, eləcə də iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib”, – Səmədi qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub” –

Sonrakı məqalə

“Kaxovka SES içəridən partladılıb”