“Fəhlə işlədim. Kənddə kəndlilər nə iş görürsə, onların hamısını gördüm. Sonra taksidə çalışdım, montyor, qarovulçu işlədim”.
AzPost bildiir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi çərçivəsində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada qonaq olan xalq artisti Alim Qasımov deyib.
Sənətkar özünün sənət yolundan maraqlı xatirələr danışıb:
“Evləndim, bir uşağımız da dünyaya gəldi. Əlimdən isə heç bir iş gəlmirdi. Bir az sürücülük bacarırdım. Mənə bir köhnə “Moskviç” maşını verdilər. Hər gün o maşının altına yıxılıb o hissəsini-bu hissəsini düzəldirdim. Sahibi də deyirdi ki, pul qazan mənə də ver. Deyirdim, “ay qardaş, bu heç özü yerimir, mən bununla pulu necə qazanım?” Bir gün qardaşıma verdim ki, aparıb maşını təhvil versin. Ondan sonra bekar qaldım. Amma toyda-mağarda oxuyurdum. Kim eşidirdisə “get bu sənətin dalıyca” deyirdi. Atamın da yaxşı səsi vardı, zurnanın müşayiəti ilə oxuyurdu. Qayınanam bir az dünyagörüşlü xanım idi. İşsiz olduğumu görüb Səyavuş Aslandan xahiş edib ki, bunu mütləq Asəf Zeynallı adına Musiqi Məktəbinə düzəlt. O da Vasif Adıgözəlovdan xahiş edir. Məni o məktəbə qəbul etdilər. Sinfə gəldim, gördüm burada elə güclü səslər var. “Mən bura gəldim ki, bir tikə çörək pulu qazanım, bunların yanında pul qazana bilərəm?” – deyə naümid gəlib-getdim. Sonra “daha getmək istəmirəm” deyə evdə bildirəndə “döz, camaata nə deyərik?” söylədilər. Sonra məni məktəbdə müsabiqəyə yazdılar. O vaxtdan öz üzərimdə işləməyə başladım, qəzəlləri təkrar-təkrar öyrəndim. Müsabiqədən çıxan hər kəs dedi ki, birinci yer sənindir”.
Alim Qasımov qeyd edib ki, sonra sənətlə ciddi məşğul olmağa başlayıb: “Səs çox güclü ola bilər və hamıda da səs ola bilər. Amma səsin şirinliyi bir balaca Allah tərəfindən verilməlidir. Səsin şirinliyi olandan sonra onun üzərinə hansı musiqini əlavə eləsən insanların qəlbinə yol tapır. Bizim çox şirin səsli xanəndələrimiz var. Onların səsini eşitdikcə kim olduqlarını dərhal bilirik. Mən çox çalışqan oldum. Gördüm ki, səslərinə heyran olduğum tələbələr əllərində dəftərdən oxuyur. Mən həmin dəftəri onlardan qabaq öyrənib oxudum. Çox əziyyət çəkdim. Keçmiş xanəndələrə, köhnə plastinkalara qulaq asmağa başladım. Başa düşdüm ki, hər şeyin önündə zəhmət durur. Sənət ağır olduğu üçün sənətdir. İnsanı şərəfləndirən onun zəhmətidir. Hansı sahədə olursan ol, mütləq zəhmət çəkib onun peşəkarından olmalısan. Ürəklə çalışanda, zəhmət çəkəndə Allah o əziyyətin mükafatını verir…”
Xanəndə dünyada tanıtdığı muğamımızın fəlsəfəsindən danışaraq “bu musiqiyə qulaq asanda insanı təmizliyə aparır, dinləyicinin əhval-ruhiyyəsi düzəlir” dedi: “Ölkəsindən, dilindən və məzhəbindən asılı olmayaraq bu musiqi qəlbə toxuna bilir. Bu, ilahi bir musiqidir. Hərdənbir adam darıxır. Baxırsan ki, hər şey, iş-güc normaldır, amma darıxırsan. Musiqiyə, gözəl bir səsə qulaq asırsan və görürsən ki, rahatlaşdın. Şairlər deyən kimi – musiqi doğrudan da ruhun qidasıdır.
“Yaratdığın sənət ilk növbədə özünə zövq verməlidir. Mən artıq “tamaşaçılar qulaq asdılar-asmadılar, razıdırlar-razı deyillər” məqamını keçmişəm. Artıq özüm üçün oxuyuram. Əgər orada bir hal yaşamışamsa, xoşbəxt olub gedirəm. O anı tutmamışamsa, demək yaşamamışam. Onda özümü pis hiss edirəm. Əsas odur ki, ilham almağa Allahımız var. “Məni bu məqamdan şərəfli çıxar”, – deyə Allaha yalvara-yalvara sənətinə davam edirsən…”-deyə xalq artisti vurğulayıb.
Xanəndə hazırkı gənclərin zövqü məsələsinə də toxunub: “Yoldan keçəndə, küçə-bacada gənclərin mənə ehtiramını görəndə başa düşürəm ki, cavanlar musiqiyə, sənət adamlarına hörmət edirlər”.