“Taliban” Çin və ABŞ-ın logistika savaşında –

Əfqanıstan hansı qaz tranzitini dirildir? (TƏHLİL)
18 Avqust 2021 - 17:34
Workers stand near a gas pipe during the launching ceremony of construction work of the TAPI project on the Afghan section of a natural gas pipeline that will link Turkmenistan through Afghanistan to Pakistan and India, near the town of Serhetabat, Turkmenistan February 23, 2018. REUTERS/Marat Gurt - RC134AE344A0

 Bütün dünya Əfqanıstanda Talibanın qarışıq keçmişini müzakirə etdiyi bir zamanda bu hərəkatın sözçüsü gələcəyi hədəfləyən maraqlı bir açıqlama verib.

“Taliban” bəyan edib ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistandan keçəcək qaz kəmərinin (TAPİ) tikilməsində maraqlıdır və layihəni dəstəkləyəcək.

Bu bəyanatla Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Suhail Şahin çıxış edib.  Şahinin sözlərinə görə, Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü olmaqla strateji əhəmiyyətli yerdir və Taliban bu potensialdan istifadə etmək istəyir.

Bəs TAPİ layihəsi nədir?

TAPİ Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan ərazisindən inşa ediləcək qaz kəməri layihəsinin adıdır. Bu, sazişi imzalamış ölkələrin baş hərflərindən götürülüb.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. Türkmənistanın Marı şəhərində qaz kəmərinin tikintisi üçün təməl atma mərasimi keçirilib. Mərasimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Pakistanın Baş naziri Nəvaz Şərif, Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzay və Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari iştirak edib.

23 fevral 2018-ci ildə qaz kəmərinin Əfqanıstan hissəsinin çəkilişinə başlanılıb.

İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinədək uzanacaq.

Qaz kəmərinin gücünü təmin etmək məqsədi ilə Türkmənistanın ən böyük qaz yatağı olan «Qalkınış» seçilib. 30 illiyinə imzalanmış müqaviləni Türkmənistanın «Türkmənqaz», Hindistanın GAIL və Pakistanın Inter State Gas Systems şirkətləri imzalayıb.

Əfqanıstan qaz həcmlərinin öz ərazisindən tranzitinə görə böyük miqyasda mənfəət əldə edəcək. Üstəlik bu kəmərə xidmət etmək üçün Əfqanıstanda 12 minə qədər iş yerinin açılması gözlənilir.

Bu qaz kəməri Əfqanıstan üçün “çörək ağacı” hesab edilir. Eyni zamanda böyük geopolitik intriqalar üçün münbit layihədir.

Layihə Türkmənistan qazının Əfqanıstan üzərindən Pakistana, oradan Hindistana nəqlini nəzərdə tutur. Bu layihə ilk olaraq Türkmənistan üçün mühüm əhəmiyyət daşıyır. Aşqabad alternativ qaz xəttinə nail olmaqla Rusiyadan və Çindən aslılığını aradan qaldırmaq niyyətindədir. Bunun üçün ciddi səbəblər də var. Türkmən qazının ən böyük alıcısı bu gün Çindir. Bununla yanaşı Rusiyanın türkmən qazına müansibətində tutduğu ehtiyatlı münasibət Türkmənistanı da narahat edir. “Qazprom” illər əvvəl Türmənistandan qaz alışını dayandırmaqla az qala ölkəni bankrot vəziyyətinə salmışdı. Odur ki, Aşqabad üçün belə diversifikasiya iki “nəhəngin” əlindən çıxmaq üçün mühüm fürsət kimi dəyərləndirilir.

Əfqanıstan tranzit üçün ünikal məkandır. TAPI layihəsi istər Əfqanıstanın artıq devrilmiş hökümətindən, istərsə də Talibandan həmişə dəstək alıb. Maraqlıdır ki, bu layihə elə Talibanın hakimiyyətdə olduğu 1996-cı ildə hazırlanıb.

Odur ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bu tranzit layihəsi əsas diqqət mərkəzində olacaq. Taliban rəhbərlərinin bu layihəyə dəstəyi heç vaxt kəsilməyib.

TAPI ABŞ-ın da marağında olan bir layihədir.

1997-ci ildə Türkmənistanın iştirakı ilə konsorsium formalaşarkən bu layihənin böyük payçısı Kaliforniyanın “Unocal Corporation” idi. Şirkət 54 faiz payın sahibi idi. Həmin il ABŞ şirkəti hətta danışıqlar üçün Talibanın yüksək nümayəndə heyətinin Texasa səfərini də təşkil etmişdi.

“Əl-Qaidə”nin lideri Usama ben Ladenin 1998-ci ildə Tanzaniya və Keniyada ABŞ səfirliklərinə terror hucumu və onun taliblərin yanında sığıncaq alması bütün bu danışıqlara son qoydu.

Lakin buna baxmayaraq Taliban TAPI layihəsinə dəstəyini hər zaman ifadə edib. 2020-ci ilin fevralında Taliban rəhbərlərinin keçirdiyi mətbuat konfransında TAPİ layihəsini müdafə etdiklərini və nəzarət etdikləri ərazilərdə tikintinin tam təhlükəsizliyinə zəmanət verdiklərini bəyan etmişdilər.

TAPİ marşrutu İranın maraqlarına cavab vermir. Çünki Tehran İran və Pakistan arasında olacaq başqa bir layihədə maraqlıdır. Bu zaman Tehran türkmən qazını sərhəddə alıb Pakistana tranzit etməyi planlaşdırırdı.

Çin üçün TAPI layihəsi “amerikan işi” kimi şübhə yaradır. Bu layihə baş tutsa Türkmənistan Çinin yeganə qaz satıcısı statusundan çıxacaq. Bu isə Pekinin Asiyada apardığı geopolitik siyasətin priroitetlərinə ziddir.

TAPI Rusiyanın Asiyada maraqlarına da problemlər yarada bilər. Moskva üçün alternativ enerji yolları “Qazprom”un bazarına “girmək” sayılır. Moskva isə qaza təkcə isinmək üçün vasitə deyil, həm də siyasi təzyiq aləti kimi yanaşır.

Azərbaycanın TAPİ layihəsində rolu barədə aydın şəkildə danışmaq hələ ki, tezdir. Amma bununla bağlı maraqlı bir məqamı xatırlatmaq olar.

2018-ci il fevralın 23-də TAPI qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Nazir AZƏRTAC- müsahbəsində Azərbaycanın TAPI-ya olan münasibətini ifadə edən açıqlama verib.

P.Şahbazov deyib ki, bu layihə bütün regionun rifahına xidmət edə biləcək bir layihədir. O, TAPI xəttinin Cənubi Qaz Dəhlizinə qoşulmasının perspektivini şərh edərkən deyib ki, Türkmənistanla bu barədə danışıqlar artıq uzun müddətdir gedir: “Bununla bağlı xüsusi formatlar var. Bu formatdan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır”.

Bakının bu mövqeyi bölgədə cızılan yeni “enerji yolları”nın qlobal əhəmiyyətini aydın göstərir.

Odur ki, Əfqanıstanda baş verənləri eyni zamanda Mərkəzi Asiyada gedən logisitika savaşlarının vacib indikatoru da saymaq olar.

Xaqani SƏFƏROĞLU