Telefonun şarjda olarkən yatağın yanında saxlanılması ilə bağlı çoxsaylı fikirlər mövcuddur. Xüsusilə gecə smartfonun yanında yatmağın onun yaydığı şüalanmaya görə sağlamlıq üçün təhlükəli olduğu iddia edilir.
Həkim Sergey Petrovun sözlərinə görə, bu vərdişlə bağlı yayılan fikirlərin bir çoxunun kifayət qədər elmi əsası yoxdur.
Onun sözlərinə görə, bu günə qədər aparılan araşdırmalar mobil telefonun istifadəsi və ya şarjı zamanı yaranan şüalanmanın insan sağlamlığına sübut olunmuş zərər verdiyini təsdiqləməyib.
Telefonu şarj zamanı istifadə etmək olarmı?
Smartfonun elektrik şəbəkəsinə qoşulması onun istifadəsindən tamamilə imtina etmək üçün səbəb deyil. Lakin şarj cihazının keyfiyyətinə və təhlükəsizliyinə diqqət yetirmək lazımdır.
Adapter və kabel keyfiyyətli olmalı, təhlükəsizlik tələblərinə cavab verməlidir. Həmçinin şarj zamanı telefonun həddindən artıq qızmasına yol vermək olmaz.
Həkim qeyd edir ki, müasir mobil cihazların istifadə etdiyi aşağı güclü radio dalğalarının adi istifadə zamanı insan orqanizminə mənfi təsiri sübut edilməyib.
Lakin telefon elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə olarkən təhlükəli ola biləcək hallar var.
Məsələn, şarjda olan telefonu vanna otağına, xüsusilə vannaya aparmaq olmaz. Elektrik cihazının su ilə təması qısaqapanmaya səbəb ola bilər və elektrik cərəyanı insan həyatı üçün birbaşa təhlükə yarada bilər.
Şarj zamanı telefon niyə qızır?
Smartfon şarj edilərkən adi istifadəyə nisbətən daha çox qıza bilər. Əksər hallarda temperatur təhlükəli həddə çatmır.
Bununla belə, akkumulyatorun ciddi zədələnməsi, hətta yanğın və partlayış ehtimalını tamamilə istisna etmək mümkün deyil. Belə hallar çox nadir olsa da, təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.
Xüsusilə telefonun yastığın altında və ya yorğanın içində şarj edilməsi təhlükəlidir. Bu zaman cihazın ətrafında hava dövranı azalır və yaranan istiliyin xaric olması çətinləşir.
“Apple” hansı qaydalara əməl etməyi tövsiyə edir?
“Apple” da təhlükəsiz şarjla bağlı bir sıra tövsiyələr verir.
Telefonu şarj etmək üçün istehsalçının orijinal və ya uyğun hesab etdiyi kabeldən istifadə etmək məsləhətdir.
Adapter sertifikatlı olmalı və təhlükəsizlik standartlarına cavab verməlidir.
Smartfon yaxşı havalandırılan yerdə şarj edilməlidir. Cihazın ətrafında havanın sərbəst hərəkət etməsi vacibdir.
Telefon, kabel və şarj cihazını sudan və digər nəmlik mənbələrindən uzaq saxlamaq lazımdır.
Şarj cihazının yanında qəpik, açar, zinət əşyaları və digər metal əşyalar qoymaq tövsiyə edilmir.
Həmçinin telefon elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə olarkən kabelin və ya konnektorun dəri ilə uzun müddət təmasından qaçmaq məsləhətdir.
Mütəxəssislər şarj kabelinin üzərində oturmağı və ya uzanmağı da tövsiyə etmirlər.
Gecə telefonun yanında yatmaq təhlükəlidirmi?
Smartfonun yatağın yanında şarjda olması avtomatik olaraq insanın zərərli şüalanmaya məruz qalması demək deyil.
Əsas potensial risklər daha çox elektrik, istilik və mexaniki zədələnmə ilə bağlıdır.
Zədələnmiş telefon və ya kabel elektrik cərəyanı vurması riski yarada bilər. Həddindən artıq qızan akkumulyator isə nadir hallarda yanğına səbəb ola bilər.
Bu səbəbdən telefonu gecə şarj edərkən onu yastığın altına, yorğanın və ya digər istilik saxlayan əşyaların arasına qoymaq olmaz.
Gecə telefonu yatağın yanında saxlamaqdan əsas qorxmalı olduğumuz məsələ şüalanma deyil. Daha real təhlükələr keyfiyyətsiz şarj cihazı, zədələnmiş kabel, su ilə təmas və telefonun həddindən artıq qızmasıdır.
N.Talıblı