Ter-Petrosyanın müşaviri Bakıda Heydər Əliyevə Qarabağla bağlı nə deyib? –TARİX

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri, 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda təmsilçi olmuş Jirayr Libaridyan Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe birmənalı olmayıb.

Hələ müşavir olarkən Qarabağ probleminin dinc yolla həllinin tərəfdarı kimi tanınan Libardiyan Azərbaycanla Ermənistan arasında normal münasibətlərin yaranmasının vacibliyini bəyan edirdi.

J.Libardiyan 44 günlük müharibədən sonra-2020-ci ilin dekabrında BBC-yə verdiyi müsahibəsində Ermənistan keçmiş rəhbərlərini müharibəni qızışdırmaqda ittiham edib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu birbaşa demir, ancaq o, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Ermənistanın baş naziri Paşinyan da onu imzalayıb. Bunu heç kim dəyişdirməyəcək”-deyə sabiq müşavir demişdi.

Libardiyan illər əvvəl Azərbaycanda səfərdə olub və mərhum prezident Heydər Əliyevlə görüşüb. Həmin vaxt o artıq rəsmi vəzifə tutmurdu. Prezident Levon Ter-Petrosyanın istefasından sonra müşavir postunu tərk etmişdi. Libardiyan o zaman Azərbaycana prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Vəfa Quluzadənin dəvəti ilə gəlib.

Azpost.info bildirir ki, 1999-cu ilin martında keçirilimiş bu görüşdə Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını onunla müzakirə edib. Qəbul zamanı prezident Heydər Əliyev ona Ter-Petrosyan hakimiyyəti zamanı Ermənistan – Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün əməkdaşlıq etdiklərini xatırladıb: “Təəssüf ki, məsələni həll edə bilməmişik. Əməkdaşlığımız azca da olsa irəli getməyə bizə kömək etmir”.

H.Əliyev görüş zamanı bildirir ki, belə vəziyyət daimi davam edə bilməz: “Biz münaqişənin tezliklə həll olunmasının, ancaq ədalətli həllinin tərəfdarıyıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır, yerindən-yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar və Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir”.

Öz növbəsində Jirayr Libardiyan bildirib ki, Azərbaycanda olmaq onun üçün başucalığıdır.

Bakıda Vaşinqtondakı Areks İnstitutunun nümayəndəsi kimi gəldiyini bildirən Libardiyan vurğulayıb ki, sərbəst şəxs olsa da münaqişə ilə daha maraqlanır: “Qətiyyən şübhəm yoxdur ki, münaqişəyə qatılmış tərəflər bu məsələnin həll olunmasını istəyirlər. Mən elə bilirəm ki, bu münaqişəyə qatılmış bütün vətəndaşların, eləcə də bu regionda yaşayan bütün vətəndaşların, dünyanın bütün vətəndaşlarının haqqı vardır ki, sülh şəraitində yaşasınlar. İndi bunu etməyə siyasi iradə lazımdır. Təəssüf ki, işlədiyim yeddi il müddətində bu siyasi iradə bir araya gələ bilmirdi. Elə bilirəm ki, biz indi özümüzdə qüvvə tapıb ümumi siyasi iradəyə gəlməliyik”.

 

Libardiyan bildirib ki, Ermənistan xalqı öz qonşuları ilə daimi düşmənçilik vəziyyətində olmamalıdır: “Bu ölkələrin qazandıqları müstəqillik onlara imkan verir ki, sülh, regional əməkdaşlıq, dostluq şəraitində yaşasınlar. Eyni zamanda, bu ölkələrin xalqlarına da imkan verir ki, əvvəllər faciəyə gətirmiş hərəkətləri bir daha təkrar etməsinlər”.

J.Libradiyan görüşdə  sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadəni “həmişəlik dostu” adlandırıb və onunla əməkdaşlığına böyük hörmətlə yanaşdığını deyib. “1996-cı ilin iyulunda Bonnda Sizinlə görüşümüzü də çox gözəl xatırlayıram. Yadımdadır, çox gec idi. Sizin fikirləriniz, müşahidələriniz, şərtləriniz bizim sonra danışıqları davam etdirməyimizə çox kömək etdi və mən buna böyük hörmətlə yanaşıram”.

“Mən inanmıram ki, münaqişənin davam etməsində ona qatılmış tərəflərin, xalqların marağı olsun və vaxt kiminsə xeyrinə işləsin. Münaqişəyə qatılmış bütün tərəflər bu və ya başqa cür əziyyət çəkirlər. Münaqişə və müharibələr insanların reallığı, gerçəkliyi dərk etməsinə xələl gətirir. İstəyirəm ki, bu regionda yaşayan hər bir uşağın mənim qızımın malik olduğu imkanları, yaxşı həyatı, oxumaq, təhsil almaq imkanı olsun. Ümumiyyətlə, mənim üçün başlanğıc və son nöqtə həmişə uşaqlar olub, çünki uşaqlar həyatın gələcəyidir. Çox vaxt biz çılğın oluruq. Lakin artıq biz yetkin şəxslərik, bizi dəyişdirmək çətindir. Ancaq uşaqlara yaxşı həyat bəxş etmək olar. Biz uşaqların hamısına həyatda yaxşı imkan verməliyik. Qoy onlar bir-birinə, insanlığa qarşı nifrət hissləri ilə böyüməsinlər”.

J.Libardiyan görüş imkanına görə Heydər Əliyevə təşəkkür edib.

Prezident Heydər Əliyev qeyd edib ki, münaqişənin davam etməsi heç kəsə fayda gətirmir və gətirməyəcək: “Biz çalışmalıyıq ki, münaqişəni nə qədər mümkündürsə tez həll edək və bölgədə sülh, əmin-amanlıq yaradaq. Mən bu fikri bir neçə dəfə bəyan etmişəm ki, Azərbaycan heç də Ermənistanla daim düşmənçilik münasibətləri şəraitində yaşamaq istəmir. Güman edirəm, Ermənistan da belə düşünür. Çünki biz özümüzdən asılı olmayaraq, taleyimizə görə bir regionda yaşayırıq və bir-birimizlə qonşuyuq. Heç kəs – nə Ermənistan, nə də Azərbaycan qonşuluğu tərk etməyəcək. Demək, indiyə qədər qonşu yaşadığımız kimi, bundan sonra da əsrlər boyu qonşu yaşayacağıq. Ona görə münasibətlər bərpa olunmalıdır”.

H.Əliyev bunun üçün Qarabağ münaqişənin ədalətli həllinin vacib olduğunu vurğulayıb.

Jirayr Libardiyan 2012-ci ildə də Azərbaycanda səfərdə olub.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putinin “Ukrayna” krossvordu –

Sonrakı məqalə

Özbəkistanda ana 3 yaşlı qızını ayının qəfəsinə atıb –