“Terminallarda hər ay 100 min manata yaxın pul toplanırdı”- Sabiq nazirin məhkəməsi

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahidlər ifadələrində qeyd ediblər ki, gömrükdə çalışdıqları vaxtdan TIR və GRP proqramları olub: “Qeyri-rəsmi proqram olub. Bununla yanaşı, rəsmi proqram da var idi. Dövlət tərəfindən qoyulan büdcə dolduqdan sonra pullar qeyri-rəsmi proqram vasitəsilə toplanılırdı”.

Şahidlər vurğulayıblar ki, bu qanunsuzluq 2004-cü ildən bəri olub və qanunsuz pullar elə o vaxtdan yığılırmış: “Gömrük postlarında yığılan pulların miqdarı hər ay müxtəlif olurdu. Terminallarda tərəzilər var idi və hər ay 100 min manata yaxın pul toplanılırdı. Toplanan pulları isə komitəyə – Rafael Əliyev və Mənsur Əsgərova verirdilər”.

Qeyd olunub ki, pullar manat və dollar şəklində toplanılıb. Daha sonra hamısı dollara çevrilib.

Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyiblər və bildiriblər ki, onlar da pulları komitənin sədri Asəf Məmmədov, daha sonra isə Səhhət Həbibbəyliyə veriblər.

Şahidlər deyib ki, gömrükdə həmin dövrdə çalışdıqları müddətdə 500-2500 manat arası paket alıblar.

Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciət edərək, zərərin tam ödənilməsini məhkəmədən xahiş edib.

Növbəti məhkəmə prosesi avqustun 12-nə təyin olunub.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər(apa).

Əvvəlki məqalə

Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər

Sonrakı məqalə

Qadın namizədlərin bələdiyyə seçkilərinə iştirakına dəstək veriləcək – LAYİHƏ