Tolerantlığın əsasını qoyan lider

Azərbaycan bu il Ümümilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcək. Onun zəngin siyasi irsi və böyük dövlətçilik təcrübəsi dövlətimizin ayaq üstə durmasına və möhkəmlənməsində müstəsna xidməti oldu.

Bu baxımdan dövlətin mənəvi gücü sayılan dini və milli vahidlik prinsiplərinin bərqərar olmasında Heydər Əliyevin siyasətinin alternativi yoxdur.

SSRİ dövründə yüksək dövlət postunu tutmuş Heydər Əliyev cəmiyyətdə mənəvi keyfiyyətinin formalaşmasında dinin rolunu vacibliyini qiymətləndirib. Ateist rejimin bütün sərtliyinə baxmayaraq o, Azərbaycanın minillik tarixi olan inancının qorunmasında öz köməyini əsirgəməyib.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Heydər Əliyev sadiq olduğu bu prinsipləri ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi kimi bəlalardan qoruyub.

Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Multikultural zənginlik Azərbaycan dövlətinin ən böyük sərvətlərindən biridir. Heydər Əliyevin işləyib hazırladığı xalqların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışını təmin edən müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin siyasətində dini-mənəvi müstəvi prioritet oldu.

Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə qayıdandan sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı – Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi.

Ulu Öndərin ilk sərəncamlarından biri  Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Məhz Heydər Əliyevin rəhbərliyi  ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verildi. 1994-cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Prezident Heydər Əliyev mütəmadi şəkildə buraya baş çəkərək, işlərin layihələndirilməsindən başlayaraq tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayırdı. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.

Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər. Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanan vətəndaş birliyi yaratdı. Bu birliyin kökündə insanların əqidəsinə, mədəniyyətinə hörmət dayanır. O, dövlət-din münasibətlərinin nümunəvi modelini qurdu.

Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb.

Dövlətin qüdrətinin müəyyən edən iqtisadi güc və siyasi nüfuzla yanaşı,  ölkədə milli birliyinin sütununu sarsılmaz edən humanitar siyasətdir. Məhz cəmiyyətə yönəlik  humanitar siyasət sayəsində  ölkədəki sosial-siyasi sabitlik bərqərar olur. Bu humanitar siyasətin məhək daşlarından biri tolerantlıq və multikulturalizmdir. Bu baxımdan Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Odur ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya  tolerantlıq baxımından təqdim etdiyi yeni model özünün fərqli təqdimatı ilə seçilir.

Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” – deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Heydər Əliyev Azərbaycan multikulturalizminin fundametini qoyan rəhbəri oldu. Onun təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Bu siyasətin  əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib.

Azərbaycanın tolerantlıq prinsiplərinə söykənən siyasəti və onun uğurlu təqdimatı artıq ölkənin vizit kartına çevrilib. Qədim tarixə malik ölkəmizdə mövcud olan milli və dini həmrəylik xalqımızın milli koduna çevrilməklə region üçün sabitlik və barışın açarı hesab olunur.

Dövlət başçımız İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidənqurulması sahəsində müvafiq addımlar atılır. Bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır. Dövlət rəhbərimizin və Ulu Öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir.

Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsas hədəfi Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldırmış kobud ayrı-seçkilik siyasətinin ifşa olunması və bəşəriyyətin birgəyaşaşış modelini dağıtmağa can atanların niyyətinə qarşı durmaqdır.

Bunun üçün ölkəmizin böyük tarixi təcrübəsi, kifayət qədər resursu və verə biləcəyi mesajları var.  Ümumilli lider Heydər Əliyevin bu yöndə ölkəmiz üçün qoyduğu siyasi miras dövlətin əsas prioritetini təşkil edir.

R.VAHİDQIZI

Yazı MEDİA-nın dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

“Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz”

Sonrakı məqalə

İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən 18 nəfər saxlanılıb