Fransanın paytaxtındakı Orli (Orly) hava limanında toy karvanının hərəkəti səbəbindən qeyri-adi insident yaşanıb.
AzPost bildirir ki, “Daily Mail” nəşrinin yaydığı məlumata görə, “EasyJet” aviaşirkətinə məxsus təyyarə enişə saniyələr qalmış uçuş-eniş zolağının başlanğıcında qəfil alov partlayışları və tüstü müşahidə edib. Hava gəmisinin kapitanı dərhal qərar qəbul edərək təyyarəni ikinci dövrəyə qaldırıb və layneri potensial təhlükə zonasından uzaqlaşdırıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəyə hava limanının yaxınlığındakı Vilnev-le-Rua qəsəbəsindən keçən toy karvanının iştirakçıları tərəfindən atılan atəşfəşanlıq səbəb olub. Təxminən 15 avtomobildən ibarət olan prosesiya birbaşa aerodrom infrastrukturunun yaxınlığında pirotexniki vasitələrdən istifadə edib.
Hadisədən dərhal sonra dispetçerlər uçuş-eniş zolağını bağlayaraq fövqəladə prosedurları aktivləşdiriblər. Təyyarə digər zolağa yönləndirilərək uğurlu eniş edib. Bağlanan zolaq isə yalnız bir saatlıq polis yoxlamasından sonra fəaliyyətini bərpa edib.
Qeyd edək ki, prokurorluğun məlumatına görə, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.