Toyda karantini pozan 2 nəfər həbs edilib, 100 nəfər cərimələnib-

1977 nəfər zala buraxılmayıb (DİN)
29 İyul 2021 - 10:09

İyulun 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

– 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

– 1977 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.