Tramp biznesmenlər arasında etimadını itirir  –İş dünyası ABŞ prezidenitini anlamır (TƏHLİL)

 Prezident Tramp əmin idi ki, iqtisadi artım onun yenidən prezident seçilməsinə imkan yaradacaq. Lakin iqtisadiyyat onu pis vəziyyətə qoyub.

“Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı Müllerin  səbirsizliklə gözlənilən hesabatı “boşluğa açılan atəş” olub. Belə ki, araşdırmada bəzi ifşaedici nüanslar yer alsa da, sənəd ümumilikdə heç bir siyasi təsir göstərməyib”, – Nyu York Universiteti Araşdırma Mərkəzinin fəxri professoru, “The New York Times” nəşrinin köşə yazarı, 2008-ci ildə yeni ticarət nəzəriyyəsi və iqtisadi coğrafiyaya verdiyi töhfəyə görə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülən amerikalı iqtisadçı Pol Kruqman (Paul Krugman) “IPG” portalında yazır.

Eyni zamanda Tramp iqtisadi artım kölgəsində sürüşüb keçə biləcəyinə əmin olub. Nə olsun ki, bəşəriyyət tarixində iqtisadi rekordu təzələməklə bağlı verdiyi bəyanatlar puç olub”, – məqalədə deyilir.

“İmpiçmentlə bağlı meydana çıxan vəziyyət göz qabağındadır. Bir xəbərdarlıqdan başqa əlavə etməyə heç nəyim yoxdur: prosesin hər mərhələsində respublikaçılar oyuna daxil olaraq, özlərini son dərəcə pis aparırlar.  İlgək daraldıqca ehtimal da artır ki, Respublikaçılar partiyasının reaksiyası ən dəhşətli fantaziyaları da üstələyəcək”, – ekspert qeyd edir.

Məqalə müəllifi hesab edir ki, Trampın iqtisadi postulatlarını darmadağın edən arqumentlərin daha az diqqət cəlb etməsi normal haldır.

“Ümumi iqtisadi vəziyyətin əvvəlki kimi yaxşı olduğunu qeyd etmək lazımdır. İşsizlik səviyyəsi çox aşağıdır, iş yerlərinin sayı artır. Növbəti ümummilli resessiyaya başlamayanadək, seçkilər ərəfəsində bizi iqtisadi aktivlikdə yeni tənəzzülün  gözləyib gözləmədiyi aydın deyil”,  – iqtisadçı yazır.

“Davam edən müsbət dinamikaya baxmayaraq, ümumi iqtisadi artım aşkar zəifləmə əlamətləri nümayiş etdirir: “faktiki elan edildiyi vaxtda rəsmi iqtisadi statistikanın necə olacağını dəyərləndirmək üçün natamam məlumatların istifadə edildiyi “qısamüddətli proqnozlar” orta illik iqtisadi artım sürətinin iki faizdən az olacağını göstərir”, – məqalədə deyilir.

“Deyəsən, daha vacib amil biznesin etimadını itirməkdir. Kollaps özünü müxtəlif formalarda göstərir. Onlardan biri işgüzar çevrələrdə aparılan monitorinqin nəticələridir. Belə ki, Trampın prezidentlik dövrünün ilk iki ilində optimizmini  itirməyən biznes mühiti indi dərin pessimizmə düşüb”, – Kruqman yazır.

“Bəs Trampın iqtisadi bumuna nə oldu? Ötən ilin sonu prezidentin tam ciddiyyətlə Çinə qarşı ticarət müharibəsi apardığı məlum olduqdan sonra sahibkarlıq inamı indeksi aşağı düşməyə başlayıb; ardınca bu kollaps 2017-ci ildə vergilərin aşağı salınmasının nəticəsiz qaldığını göstərən canlı və vacib sübuta çevrilib. Tədbir kommersiya müəssisələrində istehsal investisiyalarının artmasına səbəb olmayıb, ümumi iqtisadi artım çəlləyində sadəcə kiçik bir bal damlası olub”, –  ekspert analogiya aparır.

“Ticarət müharibəsi, habelə onun Amerika ixracı və biznesinin Çin idxalından asılı olan hissəsinə birbaşa təsiri artıq zərərli qeyri-müəyyənlik doğurub. Özü də Çinlə ticarət qarşıdurması Trampın iqtisadi siyasətinin mühüm hissələrindən biridir. Ticarət müharibəsində Trampın əsas müdafiəçisi Piter Navarronun (Peter Navarro) tez-tez müraciət etdiyi mənbəyin uydurma bir şəxs olduğu ortaya çıxıb. Məlum olub ki, Navarronun yorulmadan kitablarında sitat gətirdiyi Ron Vara real həyatda mövcud deyil və bu ad əslində Navarro soyadının anaqrammasıdır”, – məqalədə deyilir.

Kruqman hesab edir ki, Trampın prezident andını pozması gələn il seçkilərdə leytmotiv ola bilər: “Vəziyyəti ayıq başla qiymətləndirsək, aşağıdakı fakt da böyük əhəmiyyət kəsb edir: çox güman, ölkənin hazırkı prezidenti Amerika iqtisadiyyatı ilə dostluğa ümid edə bilməyəcək”. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Həsənov:

Sonrakı məqalə

Prezident Administrasiyasının yeni rəhbəri icra başçılarını Bakıya topladı