ABŞ prezidenti Tramp İspaniyanı NATO-dan qovmaqla hədələyib.
AzPost bildirir ki, Amerika lideri İspaniyanı müdafiə xərclərində geridə qaldığını bildirib və ölkəni NATO-dan çıxarmaqla hədələyib.
“Bizim geridə qalan bir ölkəmiz var, o da İspaniyadır. Açığı, biz onu NATO-dan qovmalıyıq”, – ABŞ prezidenti deyib.
İyun ayında Trampın təzyiqi altında Alyansın üzvü olan 32 dövlət qarşıdakı on il ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb. Yeni hədəf ÜDM-in 3,5%-i, əlavə olaraq infrastruktur üçün 1,5%-dir. Əvvəllər NATO ölkələrindən buna ÜDM-in cəmi 2%-ni xərcləməsi tələb olunurdu.
İspaniya yeni tələblərlə razılaşsa da hökumət sonradan onları yerinə yetirə bilməyəcəyini etiraf edib. Daha sonra Tramp İspaniya məhsullarına əlavə rüsumlar tətbiq etməklə hədələyib.