Prezident Donald Tramp cümə axşamı xəstəxanalara axışan minlərlə koronavirus xəstəsini müalicə etmək üçün kifayət qədər tibbi avadanlıq olmadığını deyən bəzi ştatların qubernatorlarını hədəf alıb.
“Külli miqdarda tibbi ləvazimat, hətta xəstəxanalar və tibb mərkəzləri birbaşa ştatlara və xəstəxanalara çatdırılır,” deyə Tramp Twitter səhifəsində hökumətin böhrana reaksiyasını müdafiə edib.
O, bəzi qubernatorların gözlərinin doymadığını və heç nədən razı qalmadıqlarını deyib. ”Yadda saxlayın, bizim funksiyamız ehtiyat mənbəyi olmaqdır. Şikayətçilər bu böhran baş verməzdən əvvəl hazır olmalı idi. Digər ştatlar gördüyümüz işdən məmnundur,” o bildirib.
O, milli hökumətin bu gün çox sayda ventilyator göndərdiyini və minlərlə ventilyatorun hazırlandığını deyib. “Tibbi ləvazimatla dolu 51 iri yük təyyarəsi gəlir. Onların birbaşa xəstəxanalara göndərilməsinə üstünlük verirəm” deyə, o yazıb.
Merilend ştatının Respublikaçı qubernatoru və Milli Qubernatorlar Assosiasiyasının sədri Larri Hoqan bu həftənin əvvəlində Trampın ölkə daxilində kifayət qədər koronavirus test dəstləri olduğunu iddia etməsinin doğru olmadığını deyib.
Konnektikut ştatının Demokrat qubernatoru Ned Lamont təchizatın qıt olduğunu və ABŞ-da ölüm sayının hər gün yüzlərlə artdığına görə “biz özbaşına qalmışıq” deyib.
Nyu York ştatının Demokrat qubernatoru Endryu Kuomo isə süni nəfəsalma cihazları əldə etmək üçün çarpışır.
Kuomonun Nyu Yorka yardımla bağlı ara-sıra şikayətlərinə baxmayaraq, Tramp “Kuomo möhkəm işləyir!” deyib.
Tramp administrasiyasının lazım olduğu təqdirdə 50 ştata daha çox tibbi avadanlıq paylandığı barədə iddiaları müdafiə etməsinə baxmayaraq, səylər xaotik vəziyyətdədir.
Florida kimi bəzi ştatlar istədikləri tibbi avadanlığın hamısını milli ehtiyat fondundan, Oklahoma və Kentukki də daxil olmaqla, digər ştatlar istədiklərindən də çox şey aldıqlarını deyirlər. Illinoys, Massaçusets və Meyn ştatları isə tələb etdikləri avadanlığın yalnız bir hissəsini aldıqlarını bildiriblər.
ABŞ-da mövcud federal siyasi quruluş ştat hökumətlərinə fövqəladə halların tənzimlənməsində böyük səlahiyyətlər verir. Böhranların idarə olunmasına görə məsuliyyətin əhəmiyyətli kəsimi ştat hökumətlərinin üzərinə düşür.