Trampın tarifləri beynəlxalq bağlamaların qiymətini artırdı

ABŞ-da prezident Donald Trampın qərarı ilə 800 dollardan ucuz bütün beynəlxalq poçt göndərişlərinə gömrük rüsumları tətbiq olunmağa başlayıb.

AzPost  xəbər verir ki, bu dəyişiklik cümə günündən qüvvəyə minib və artıq dünyanın hər yerindən ABŞ-a göndərilən bağlamalar üçün keçərlidir.

Bununla da uzun illər qüvvədə olan “de minimis” güzəşti ləğv edilib. Xatırladaq ki, bu güzəşt 1938-ci ildən tətbiq olunurdu və 2015-ci ildə həddi 200 dollardan 800 dollara qaldırılmışdı. Məqsəd isə kiçik biznesin və onlayn ticarətin inkişafını dəstəkləmək idi.

Rəsmi Vaşinqton bildirir ki, güzəştlərin ləğvi narkotiklərin, xüsusilə də fentanilin ABŞ-a kuryer poçt vasitəsilə daxil olmasının qarşısını almağa yönəlib. Ağ Ev rəsmiləri həmçinin bu qərarın dövlət büdcəsinə illik təxminən 10 milyard dollar əlavə gəlir gətirəcəyini vurğulayıblar.

Məlumata görə, artıq Çin və Honq-Konqdan gələn bağlamalara bu qaydalar may ayından tətbiq olunurdu. İndi isə rüsum bütün ölkələrdən göndərilən poçtlara şamil edilir. ABŞ Gömrük Xidmətinin hesablamalarına əsasən, son illərdə güzəşt tətbiq olunan bağlamaların həcmi 10 dəfədən çox artaraq, 2015-ci ildəki 139 milyondan 2024-cü ildə 1,36 milyarda çatıb.

Yeni qaydalara əsasən, ölkədən asılı olaraq bağlamalara 80, 160 və ya 200 dollar sabit rüsum tətbiq edilə bilər. Bu məbləğ göndərişin mənşə ölkəsinin tarif dərəcəsinə uyğun müəyyənləşdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.