“Transplantasiya əməliyyatı keçirənlər koronavirusa yoluxmaya görə risk qrupuna aiddirlər”- AMEA

Transplantasiya əməliyyatı keçirən insanlar bir çox infeksiyalara, o cümlədən, COVID-19 virusuna həssas xəstələr hesab olunur. Bu xəstələr risk qrupu hesab olunduğundan yüksək dərəcədə profilaktik tədbirlərin aparılmasına ehtiyac var.

APA xəbər verir ki. bu barədə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramovun COVID-19 pandemiyası dövründə transplantasiya xəstələrinə yanaşma qaydaları ilə bağlı hazırladığı araşdırma materialında qeyd olunub.

Tədqiqat işində bildirilib ki, dünyada bu sahədə tövsiyələrin əksəriyyəti ekspert rəylərinə, kiçikhəcmli təcrübələrə əsaslanır. Transplantasiya sahəsində fəaliyyət göstərən beynəlxalq cəmiyyətlərin apardığı sorğuları, ekspert rəylərini və kiçikhəcmli təcrübələri nəzərə alaraq bir sıra tövsiyələri qeyd etmək olar. Belə ki, transplant xəstələri bölgədə tətbiq edilən ümumi tədbirlərə – şəxsi gigiyena qaydalarına, sosial izolyasiyaya ciddi şəkildə əməl etməlidirlər.

N.Bayramov araşdırmada qeyd edib ki, bu dövrdə xəstələrin yoluxma ehtimalını azaltmaq məqsədilə həkim-xəstə əlaqəsinin distant sistemlər vasitəsilə həyata keçirilməsi tövsiyə edilir.

Onun sözlərinə görə, rutin müayinələri, xüsusən də invaziv müayinələri və müdaxilələri mümkün qədər ertələmək, bunları ancaq təcili vəziyyətlər olduqda həyata keçirmək məsləhət görülür.

“Pandemiya dövründə planlı göstərişlərlə aparılan transplantasiya əməliyyatlarının ertələnməsi məqsədəuyğun hesab edilir”, – deyə bildirən alim transplant xəstələrinin yalnız təcili göstərişlərlə xəstəxanaya yatırılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

O bildirib ki, transplant xəstələrdə COVID-19 şübhəsi yaranarsa, onlar təcili yoxlanmalı və virusa yoluxma faktı aşkarlanarsa, dərhal xəstəxanaya yatırılıb müalicə almalıdırlar.

N.Bayramov əlavə edib ki, COVID-19-un müalicəsi məqsədilə bu xəstələlərə verilən dərmanların immunosupressiv dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalı və immunosupressorun səviyyəsi vaxtaşırı yoxlanılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Mükafatlarına təqdim edilən işlər məlum oldu

Sonrakı məqalə

OPEC neft qiymətlərinin 40 dollar ətrafında dəyişəcəyini proqnozlaşdırır