Türk Dövlətlərinin dini liderlərinin Bakı sammiti nə vəd edir?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq zirvə görüşü bir sıra məqamlar baxımından əlamədar hadisədir.

Ötən ay Bakıda səfərdə olan TDT Baş katibi Bağdad Amreyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşərək müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detallarını  müzakirə edib.

Bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm rıçaq sayıla bilər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bu ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar.

TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyacaq.

Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.

Prezident İlham Əliyev tərəfindən irəli sürülən TDT dini liderlər Şurası ideyasının işlənib ərsəyə gətirilməsində  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rolunu vurğulamaq lazımdır.

Ötən aylarda Şeyxülislamın türk dövlətlərinin diplomatları ilə ardıcıl görüşləri yeni qurumun yaradılması üçün aparılan işlərin göstəricisi heab etmək olar. Bu ideyanın TDT üzv ölkələrinin yekdilliklə qəbul etməsi həmçinin Şeyxulislamın etimad qazanmış din xadimi kimi qəbul edidiyini göstərir.

Bu baxımdan QMİ sədrinin müxtəlif dinlərin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın siyasi prioritetlərinin dünyada tanıdılması baxımından öz töhfələrini verir.

Odur ki, Şuranın Bakıda keçiriləcək iclası xalqların qardaşlığı, dini irsinin tanıdılması üçün əməkdaşlıq müstəvisinə çevriləcək.

Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının ikinci toplantısının Bakıda keçirilməsi təklifi həmçinin prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsiplərinin bir daha nümayişi olacaq.

QMİ sədrinin bu aylarda keçirdiyi görüşlərdə Dini lderlər Şurasının gözlənilən toplantısı əsas müzakirə mövzusu olub.

Şeyx avqust ayında Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən Dini Şuranın dövlətlər arasında dərinləşən dini-mənəvi əlaqələrə yardımından danışıb.

QMİ sədri son illər türk birliyinin güclənməsi faktına diqqət çəkərək Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq faktlarına toxunub və yeni qurumun dərinləşən dini-mənəvi əlaqələr üçün unikal imkan olduğunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev QMİ sədrini  Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaradılması təşəbbüsünün müəllifi adlandıraraq TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğulayıb. O, bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. TDT rəsmisi  İslam dininin birləşdirici rolunu qeyd edərək qardaş türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayıb.

Dini rəhbərlərin Şurası münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir.

Türk dövlətlərinin liderlərinin Dini Liderləri Şurasının yaradılması ideyasını dəstəkləməsi onun tam reallaşmasına imkan verdi. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.

TDT Dini Liderlər Şurasının Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün əla imkanklar yaradacaq.

Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən prezident İlham Əliyevin belə tədbirlərin təşəbbüskarı kimi çıxış etməsi müsbət hadisədir. Təməli İstanbulda qoyulan bu mötəbər qurum türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb. Dini Liderlər Şurasının Bakı toplantısı da türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq.

“Analitik” Təhlil Mərkəzi

 

Əvvəlki məqalə

Gürcüstan XİN Azərbaycan və Ermənistana vasitəçilik təklif edib

Sonrakı məqalə

“Bu, Paşinyana və Ermənistanın siyasi elitasına ciddi xəbərdarlıqdır” –