Türk dövlətlərinin mənəvi bağı olacaq Şuşa sammiti –Dini liderlərin vahid mesajı

 Əsası 2009-cu ildə Naxçıvan Müqaviləsi ilə qoyulmuş, 2021-ci ilin noyabrında İstanbul zirvə görüşü ilə elan edilmiş Türk Dövlətləri Təşkilatı öz yeni addımları ilə diqqəti çəkir.

Əsas məqsədi təmsil etdiyi coğrafiyaya və sahib olduğu imkanlara söykənərək Qafqaz və Orta Asiyanın türk dövlətlərinin rifahını və birliyini gücləndirmək olan bu təşkilat eyni zamanda iman vəhdəti üzərində yeni bir platformanı təqdim edib.

Məlum olduğu kimi türk dövlətləri arasında siyasi, iqtisadi  sosial və mədəni sahələrdə əlaqələr günü-gündən güclənir. Türk Dövlətləri Təşkilatının əsas hədəfi də türk dövlətləri arasında inteqrasiyanın təmin edilməsi, bu bölgədə rifahın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Bu baxımdan ötən ay Türkiyədə keçirilmiş Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının yaradılması belə bir inteqrasiya üçün mühüm qərar oldu.

Belə birliyin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Elə ötən ay keçirilən ilk iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlərinin Nizamnaməsini iştirakçı ölkələrə təqdim edib.

Ortaq fikri ifadə edəcək belə bir birliyi vacib edən məqamlar öz aktuallığını saxlayır.

Qərbdə İslam dininə qarşı vüsət almış islamafobiyanın, islam düşmənçiliyinin aradan qaldırılması, islam pərdəsi altında öz məkrli siyasətini yeridən, terror yuvaları yaradan qüvvələrin verə biləcəkləri zərərin qarşısını almaq üçün belə bir birliyə ehtiyac yaranıb.

Türk-müsəlman ölkələrinin dini qurumları arasında təcrübə mübadiləsi üçün kifayət qədər geniş imkanlar var. Bu dövlətlərin hər biri özlüyündə tarixin müxtəlif dövrlərində islam sivilizasiyasının mərkəzi kimi çıxış ediblər. Bu baxımdan vahid qurumda birləşən dini rəhbərlərin ortaq düşüncəsi İslamın sülhpərvər mesajlarını ən yaxşı şəkildə xalqlara çatdıracaq.

Bu tərəfdaşlığın əhəmiyyəti çox böyükdür: Eyni inanca, tarix və mədəniyyətə mənsub olan xalqları təmsil edən dini rəhbərlər vəhdətin və dini birliyin yaranması üçün mühüm töhfələrini verəcəklər. Bu isə müsəlmanların birgə mesajını ifadə edəcək.

Dini Şura dini xidmətləri, dini təhsillə bağlı məsələlərin birgə müzakirəsi, həmçinin süni dava və çəkişmələri aradan qaldırmaq üçün vacib müstəvidir.

Bu təşəbbüs dünən Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda da bir daha müzakirə olunub. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət zamanı İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantının müzakirəsi aparılıb.

Məşvərət zamanı bu görüşün vacibliyini qeyd edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti tədbirinin oktyabr ayının əvvəllərində Azərbaycanda, Şuşada keçirilməsini təklif edib.

Dini Liderlərin Şurasının yaradılması ilə bağlı rəylər də bu birliyin vacibliyini bir daha nümayiş etdirir.

Şeyxülislam Allahşükür Paşazadənin fikrincə, qloballaşma dövründə dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların mənəvi birliyinə böyük ehtiyac duyulurdu: “Bu istiqamətdə artıq uzun zamandır işlər gedirdi. Sevindirici haldır ki, türkdilli dövlətlərin və onların liderlərinin birliyinin yaranması, bizim də mənəvi birliyimizin formalaşmasına təkan verib”.

Şeyxülislam Şuşa Bəyannaməsinin bu birliyi ərsəyə gətirmək üçün əvəzsiz rolu olduğunu qeyd edib.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş islam dünyası olaraq ciddi problemlər yaşayan çətin dövrlərdə Birlik qarşısında ən böyük maneənin və ixtilafın cəhalət olduğunu deyib: “Ortaq düşüncə formalaşdırmaqla dövrün və ümmətin problemlərinə İslam perspektivi ilə ağlabatan və tətbiq edilə bilən həll yolları müəyyən etməliyik”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseyn hesab edir ki, Türk Dövlətləri Təşkilatının Dini Liderlərinin Şurasının təsis edilməsi 30 il ərzində türk dünyasının mənəvi bağlantısı istiqamətində ilk ciddi addım sayıla bilər: “Doğrudur, indiyə qədər bu ölkələr müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Amma Dini Liderlərin Şurasının yaradılması daha geniş perspektivlər vəd edir. Bu addım türk dünyasının inqeqrasiyası üçün əlverişli şəraiti şərtləndirir. Ona görə də bu ideyanı faydalı hesab edirəm. Hesab edirəm ki, bu ideya məzhəblərarası, məzhəbləriçi ziddiyyətlərin aradan qaldırılmasına fayda verə bilər. Məlumdur ki, bu yöndə real problemlər var.

Ümumiyyətlə, din xalqların mənəvi sahəsinin təsir elementidir. Zaman-zaman dini birliyə nail olmaq üçün cəhdlər edilib. Amma bu cəhdlər hər zaman uğrulu olmayıb. Ümid edirəm ki, bu dəfəki addım uğurlu olacaq”, – AXP sədri vurğulayıb.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, Dini Liderlərin Şurasının yaradılması gələcəkdə türk dövlətlərinin siyasi baxımdan daha da yaxınlaşmasını şərləndirə bilər: “Özü-özülüyündə Türk Dövlətləri Təşkilatının yaradılması türk dövləri arasında əməkdaşlığın yeni səviyyəyə keçidirir. Təbii ki, bu və ya digər şəkildə yeni səviyyəyə uyğun olaraq institusional qurumların yaradılmasına ehtiyac yaranır. Dini Liderlərin Şurasının yaradılmasına da bu kontektdən yanaşmaq lazımdır və heç şübhəsiz bu türk dünyasının inteqrasiyası üçün mühüm addımdır. Hesab edirəm ki, bu qurum türk dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi və mənəvi-dini yaxınlaşmasına töhvə verəcək. Bu isə türk dövlətləri arasında siyasi yaxınlaşmanı sürətləndirə bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin bu təklifin həyata keçməsi üçün apardığı işin uğurlu nəticə verdiyini demək olar. Son aylarda QMİ sədrinin türk dövlətlərinin diplomatları ilə keçirdiyi müntəzəm görüşlərində bu ideyanın müzakirəsi istisna deyil.

Bu səylər hesabına yaranmış yeni Şura türk-İslam mədəniyyətinin təbliğində öz töhfələrini verəcək.

Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının ikinci toplantısı Şuşada keçirilməsi təklifi önəmli addım olacaq.

Azərbaycan Şuşanı mədəniyyət paytaxtı elan edib və vaxtaşırı bu qədim şəhərdə müxtəlif siyasi-mədəni toplantılar təşkil edir. Dini liderlərin Şuşada zirvə görüşü təkcə mənəvi birliyin təcəssümü deyil, türk dövlətlərinin Ermənistanın dağıtdığı məscidlərin, ibadət məkanlarının, mədəniyyət abidələrinin dünyaya nümayişi üçün imkan olacaq. Dini liderlərin bu məsələdə bəyan edəcəyi vahid mövqe Ermənistanın yalançı hay-küyünü susdurmaq və barbarlığın əsl səbəbkarının bir daha subutu olacaq.

Şuşa sammiti həmçinin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə vahid qardaşlıq dəstəyinin mesajı, dövlətimizin türk dövlətləri arasında dini əməkdaşlıq mərkəzinin avanqardı kimi nümayişi olacaq.

A.ABBASOV

 

 

Əvvəlki məqalə

“Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib

Sonrakı məqalə

DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb