Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir.
Azpost.info bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında keçirilən panel müzakirəsi zamanı deyib.
Paşinyanın sözlərinə görə, hazırda İrəvan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. Onun reallaşdırılması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən faktiki olaraq üzləşdiyi blokadadan çıxacaq.
“İlk növbədə, Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını səbirsizliklə gözləyirik. Ümumilikdə isə bu, beynəlxalq logistikanı dəyişəcək. Çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Onun fikrincə, bunun nəticəsində Fars körfəzi ölkələrini Qara dəniz regionu ilə birləşdirən dəmir yolu xəttinin də açılması mümkün olacaq.