Türkmənistanın məşhur bəstəkarı koronavirusdan vəfat edib –

Rəsmi Aşqabad ölkədə yoluxmanı inkar edir
11 Yanvar 2021 - 16:43

Türkmənistanda tanınmış bəstəkar Rəcəb Rəcəbovun COVID-19-dan vəfat etdiyi bildirilir. Hakimiyyət isə hələ də ölkədə koronavirusun mövcudluğunu boynuna almır.

Bəstəkarın qardaşı Rəhmət Rəcəbov yanvarın 10-da Facebook-da yazıb ki, bəstəkar 76 yaşında COVID-19-dan dünyasını dəyişib.

Rəcəbovun musiqi kompozisiyalarından sovet dövründə, eləcə də Türkmənistanın müstəqillik illərində onlarla kino və sənədli filmdə istifadə olunub.

Türkmənistan Orta Asiyada yeganə ölkədir ki, Dünya Səhiyyə Təşkilatına (DST) bircə yoluxma da açıqlamayıb.

DST avqustda bu ölkədə atipik pnevmoniya hallarının artmasından narahatlıq bildirdi və Aşqabadı onu müstəqil testlər aparmaq üçün ölkəyə buraxmağa çağırdı. Ancaq bu çağırış yerinə yetirilmədi.

Həbsxanalarda, məktəblərdə virusun yayılması, xəstəxanaların getdikcə daha çox dolması haqda məlumatlar gəlməsinə baxmayaraq Türkmənistan rəsmiləri israrla heç bir yoluxmanın olmadığını bildirir.

Bir çox sakinlər isə xəstə olmalarına rəğmən evdə qaldıqlarını deyirlər, çünki həkimə gedincə yoluxa biləcəklərindən ehtiyatlanırlar. Tibb ocaqlarında COVID-19 simptomlu xəstələrin çoxaldığı xəbər verilir.

AzadAvropa/AzadlıqRadiosu müxbirlərinin bildirməsinə görə, ağciyər xəstəliklərindən ölənlərin meyitləri yaxınlarına xüsusi plastik torbalarda çatdırılır, ölkədə təzə qəbirlərin sayı durmadan artır.