Türkmənistan prezidentinin İlham Əliyevlə görüşdə çıxışı:"Birgə fəaliyyətin əsas prinsipi həmrəylik və dəstək olacaq" (TAM MƏTN)

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Türkmənistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər.

Prezident Qurbanqulu Berdiməhəmmədovun
çıxışı

-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, Sizi salamlamaq və bu görüşdə iştirak etdiyinizə görə təşəkkürümü bildirmək istərdim.

Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

Məlum olduğu kimi, 2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək.

Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir. Fürsətdən istifadə edib iki ölkənin mütəxəssislərinə və ekspertlərinə, həmçinin məhz bu sənədin hazırlanmasına töhfə verənlərin hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər. Burada iki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi. 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının uğurla keçirilmiş Zirvə görüşünün gedişində Türkmənistan ədalətli və şəffaf prinsiplərə, enerji mənbələrindən, onların çatdırılması vasitələrindən bərabərhüquqlu istifadəyə, həm istehsalçıların, həm də enerji resurslarını nəql edənlərin və istehlakçıların maraqlarının nəzərə alınmasına və tanınmasına əsaslanan qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasında qoşulmayan dövlətlərin fəal iştirakının tərəfdarı kimi çıxış edib.

Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində biz Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə çox məzmunlu və faydalı danışıqlar apardıq, bir sıra mühüm razılaşmalar əldə etdik. Bu gün biz məhz ikitərəfli münasibətləri ardıcıl olaraq möhkəmlətməyin zəruriliyini şüurlu olaraq anlamağa, Xəzərdə əməkdaşlığın əsas istiqamətləri üzrə uzunmüddətli maraqların üst-üstə düşməsinə, Xəzərdə bizim dövlətlər, digər sahilyanı ölkələr, həmhüdud regionlar və iri beynəlxalq biznes üçün yəqin ki, açılan çox böyük perspektivlərin başa düşülməsinə əsaslanırıq.

Nəqliyyat sferası da bizim tərəfdaşlığımızın mühüm sahəsidir. Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir.

Hörmətli İlham Heydər oğlu, biz birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq. Əminəm ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Bu tarixi sənədi dəstəklədiyinizə, xalqlarımız və dövlətlərimiz arasında dostluğun, qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinizə və şəxsi töhfənizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizi bugünkü əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, dövləti və siyasi fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Həmçinin bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm. İmzalama mərasiminin hörmətli iştirakçıları, icazə verin, çıxış üçün sözü dərin hörmətlə Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verim. Buyurun, qardaş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çox sağ ol, qardaş” –

Sonrakı məqalə

“Laboratory of Art” platforması Qələbəyə həsr etdiyi videoçarxı təqdim edib –