Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Türkmənistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər.
– Çox sağ ol, qardaş. Hörmətli cənab Prezident, hörmətli Qurbanqulu Məlikquluyeviç. Sizi görməyimə çox şadam. Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi – əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.
Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.
İkitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunmaq istərdim. Siz bu barədə danışdınız. Mən Sizin sözlərinizi tamamilə dəstəkləyirəm ki, biz beynəlxalq strukturlarda bir-birimizi fəal dəstəkləyirik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını keçən il qeyd etdiyiniz Türkmənistanın neytrallığının yubileyi münasibətilə təbrik etmək istərdim. Bir daha qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, nəqliyyat sahəsində əməkdaşlığımızı Siz artıq qeyd etdiniz. Bu əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq.
Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda – Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, əlbəttə, Sizin müdrik rəhbərliyinizlə Türkmənistanın durmadan inkişaf etməsini xüsusi qeyd etmək istərdim. Siz öz ölkənizi inamla inkişaf, sosial həyatın ən mühüm məsələlərinin həlli, dövlətinizin sərhədləri ilə məhdudlaşmayan infrastruktur layihələrinin həyata keçirilməsi yolu ilə irəli aparırsınız. Həmhüdud dövlətlərdə də Sizin investisiya siyasətiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsini bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.
Siz qeyd etdiyiniz kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmənistan xalqına ən xoş arzularımı, firavanlıq, inkişaf, sülh və rifah diləklərimi çatdırasınız.
Diqqətinizə görə sağ olun.
Prezident Qurbanqulu Berdiməhəmmədov: Məzmunlu çıxışınıza, Türkmənistanın və onun xalqına ünvanlanan xoş sözlərinizə görə Sizə təşəkkür edirəm.
İndi isə biz Sizin razılığınızla, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mühüm tarixi sənədin imzalanması mərasiminə başlayırıq.