Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.