Ubank köçürməsində alıcı niyə görünmür?

Unibank
Unibank

Ölkədə mobil bankçılıq xidmətlərindən istifadə genişləndikcə, əməliyyatların şəffaflığı ilə bağlı suallar da artır. Bu dəfə narazılıq Unibank-ın mobil platforması – Ubank üzərindən edilən pul köçürməsi ilə bağlıdır.

AzPost xəbər verir ki, vətəndaşın sözlərinə görə, təxminən 10 gün əvvəl tətbiq vasitəsilə səhvən 70 manat məbləğində köçürmə həyata keçirib. Lakin sonradan əməliyyat tarixçəsini yoxlayarkən vəsaitin kimə göndərildiyini sistemdə görə bilməyib. O iddia edir ki, nə əməliyyat detalları bölməsində, nə də təqdim olunan elektron qəbzdə alıcının adı və ya hesab məlumatı əks olunub.

Müştəri məsələ ilə bağlı bankın çağrı mərkəzinə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, ilkin mərhələdə müraciətin araşdırıldığı qeyd olunsa da, son cavabda “göndərən şəxs vəsaiti kimə köçürdüyünü bilir” məzmunlu açıqlama verilib və əlavə məlumat təqdim edilməyib.

Şikayətçi hesab edir ki, istənilən bank əməliyyatında köçürmənin istiqaməti və alıcı məlumatları açıq şəkildə görünməlidir. Xüsusilə əməliyyat eyni bank daxilində baş veribsə, sistemdə məlumatın əks olunmaması anlaşılmazdır. Onun fikrincə, məbləğ az olsa da, bu hal daha böyük məbləğlər üçün ciddi risk yarada bilər.

Məsələ ilə bağlı Unibank-dan rəsmi açıqlama almaq mümkün olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.