Son illərdə Azərbaycanda kredit götürənlərin sayı ciddi şəkildə artıb. AzPost bildirir ki, bu artım həm dövlətin iqtisadi liberallaşma siyasəti, həm də bankların daha aqressiv kredit marketinqi ilə bağlıdır. Reklamlarda “sürətli kredit”, “zaminsiz və sənədsiz” kimi ifadələr insanlarda maddi çətinliklərini dərhal həll edə biləcəkləri təəssüratı yaradır. Lakin ekspertlər bildirir ki, bu rahatlıq yalnız qısa müddətə keçərlidir və əvəzində ailələrin psixoloji yükü daha da artır.
Psixoloqların fikrincə, müntəzəm borc ödənişi insan beynində davamlı gərginlik yaradır. Bu isə zamanla yuxusuzluğa, əsəbilik və sosial davranış pozuntularına səbəb olur. Ailə büdcəsinin böyük bir hissəsinin banklara yönləndirilməsi, digər vacib ehtiyacların ödənilməsini çətinləşdirir. Gündəlik həyatında təməl tələbatlarını çətinliklə qarşılayan insanlar özlərini çıxılmaz vəziyyətdə hiss edir. Bu isə həm fərdi, həm də ailədaxili münasibətlərə mənfi təsir göstərir. Ailələr arasında münaqişələrin əsas səbəblərindən biri də məhz maliyyə sıxıntılarıdır.
Bəzi hallarda bu borc yükü uşaqlara da ötürülür. Valideynlər əsəbi və gərgin olduqda ailə mühitində emosional sabitlik pozulur. Kreditlərin gecikməsi, faizlərin artması isə borclanan şəxslərdə günahkarlıq hissi və sosial təcrid yarada bilər. Sosial mühitdə borclu olmaq utancverici hal kimi qəbul edilir və bu da insanların özünəinamını azaldır. Üstəlik, iş həyatında əlavə gəlir əldə etmək üçün ikinci və ya üçüncü işdə çalışmaq da psixoloji və fiziki tükənməyə səbəb olur.
İqtisadçılar qeyd edir ki, əhalinin böyük hissəsi kreditləri istehlak məqsədilə – yəni gündəlik yaşayış üçün götürür. Bu isə sağlam borclanma mədəniyyətindən uzaq olduğumuzu göstərir. Kreditin yalnız biznes və ya gəlir gətirən məqsədlə istifadə edilməsi maliyyə sabitliyini qoruya bilər. Amma ölkədə bunun əksi müşahidə olunur: telefon, məişət texnikası, hətta toy və yas kimi sosial öhdəliklər üçün borc alma halları çoxalıb.
Rəsmi rəqəmlərə görə, hazırda ölkədə aktiv istehlak kreditlərinin həcmi on milyard manata yaxınlaşır. Bununla yanaşı, problemli kreditlərin payı da narahatlıq doğurur. Borclarını ödəyə bilməyən insanlar bəzən qeyri-rəsmi və ya daha sərt şərtlərlə fəaliyyət göstərən kredit təşkilatlarına üz tuturlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Mütəxəssislər hesab edir ki, borclanma qərarı emosional deyil, riyazi əsaslarla verilməlidir. Ailənin aylıq gəliri, xərcləri və gələcəkdə yarana biləcək risklər nəzərə alınmadan götürülən kreditlər, uzunmüddətli psixoloji və sosial nəticələrə səbəb ola bilər. Hazırkı vəziyyətdə maarifləndirmə və borc mədəniyyətinin formalaşdırılması üçün geniş ictimai kampaniyalara ehtiyac var. Əks halda, ucuz və əlçatan görünən kreditlər, ailələrin rifahını içəridən dağıdan bahalı bir yükə çevriləcək.