Ukrayna müharibəsi yeni ittifaqlar formalaşdırır –TƏHLİL

Böyük Britaniya Ukraynaya hərbi dəstəyini artırıb. Bu Londonla Kiyev arasında strateji tərəfdaşlıq sazişinə uyğundur. Böyük Britaniya Amerika Birləşmiş Ştatları ilə birgə Rusiya ordusunun Ukraynada irəliləməsinin qarşısının almağa çalışır.
Vaşinqton və London əvvəlcə Ukraynaya göndərdiyi raketlərin Rusiya ərazisini hədəf almasını istəmirdilər. Bu Vaşinqtonla Londonun Kremlə də mesajıydı ki, müharibənin genişlənməsini istəmirlər. Ancaq aylar keçdikcə Vaşinqton və London mövqelərini dəyişdirdilər. Rusiya Ukrayna şəhərlərini raketlərlə vurduğuna görə, Vaşinqton və London da Ukraynanın Rusiya ərazisini hədəf alması hüququnun olduğunu tanıdı.
Bu arada, Londonla Pekin arasında münasibətlər gərginləşib. Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ölkəsinin və ABŞ-ın kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Çin Rusiyaya hərbi texnika göndərməyi planlaşdırır. Müdafiə naziri bununla bağlı Moskva ilə Pekin arasında razılaşmanın olduğunu deyib. Rusiyanın Çin, İran və Şimali Koreya ilə birgə hərbi ittifaq formalaşdırdığını Vaşinqtondakı mənbələr də iddia ediblər. NATO-nun ümumi büdcəsinin artırılması gərəkliyi məhz bu amillə izah edilib.
Çin Xarici İşlər Nazirliyi Böyük Britaniya müdafiə nazirinin və bu ölkənin siyasətçilərinin Çin əleyhinə açıqlamalarını əsassız və təxribatçı adlandırıb. Pekin hesab edir ki, müharibənin genişlənməsinə Çin deyil, Böyük Britaniyanın siyasəti səbəb olub. Pekin buna misal kimi Londonun iki il əvvəl Moskva ilə Kiyev arasında mümkün razılaşmanı pozduğunu göstərib. Pekin tərəflər arasında İstanbul görüşünü nəzərdə tutub. Çin rəsmilərinin fikrincə, London daha sonra Kiyevə təsir edib və Moskva ilə razılaşma pozulub. Halbuki, Kreml Rusiya qoşunlarının Ukrayna ərazisini tərkindən imtina edib. Buna baxmayaraq, Pekin sülhə Londonun mane olduğu qənaətindədir. Çinin sülh tərəfdarı olduğunu vurğulayan Pekin dialoqu dəstəklədiyini bildirib.
Bütün hallarda Çin hərbi gücünü artırmaqdadır. Çin lideri Si Cinpin ölkənin hərbi büdcəsinin artırılmasına qərar verib. Çinin Tayvan adası ətrafında genişmiqyaslı hərbi təlimləri buna misaldır. Tayvanı Çin ərazisi kimi dəyərləndirən Pekin adanın separatçı prezidenti ilə təmas qurmaq istəmir. Pekinin mövqeyi dəyişməzdir: “Tayvan dövlət haqqı olmayan Çinin əyalətlərindən biridir”. Ada hakimiyyəti bu yanaşma ilə razı deyil.
Bu arada, Çin məxfi saxlamağa çalışdığı müxtəlif hərbi proqramlar həyata keçirir. Bu hərbi proqramlar innovasiyalara əsaslanır. Misal üçün Çin öz donanmasını modernləşdirmək və regiona nəzarəti gücləndirmək məqsədilə dünyanın ilk iki gövdəli dron daşıyıcısını hazırlayır. Çin yeni texnologiyaları müxtəlif dövlətlərdən əldə etdiyi məxfi sənədlər əsasında reallaşdıra bilib. ABŞ-da son həbslərdə ikili vətəndaşlığı olan şəxslərin Çinə hərbi məlumatlar ötürüldüyü aşkarlanıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Əvvəlki məqalə

Qusarın icra başçısı vəzifəsindən azad edilib

Sonrakı məqalə

Ağdaşda məktəbdə yoxlama aparılıb, direktor işdən çıxarılıb