ABŞ Prezidenti Donald Tramp yenidən gündəmə gələn açıqlaması ilə beynəlxalq medianın diqqət mərkəzinə düşüb. AzPost xəbər verir ki, Tramp Ukrayna ətrafında gedən hərbi qarşıdurmanın artıq qlobal müharibəyə çevrilmə ehtimalının qalmadığını bəyan edib.
Bu barədə o, Ağ Evdə ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə yeni nümayəndəsi Serco Qoranın andiçmə mərasimində çıxışı zamanı danışıb. Tramp bildirib ki, əgər o, prezident olmasaydı, bu qarşıdurma çoxdan Üçüncü Dünya müharibəsinə səbəb ola bilərdi. “Amma indi belə bir təhlükə yoxdur və bu, baş verməyəcək”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, onun administrasiyası artıq Kiyevə birbaşa maliyyə yardımı göstərmir. Onun sözlərinə görə, ABŞ indi Ukraynaya verilən silahların dəyərini NATO vasitəsilə geri alır və ölkə vətəndaşlarının pullarının “havaya sovrulmasına” imkan vermir.
ABŞ prezidenti bir daha bəyan edib ki, o, ölkəsini yeni müharibələrə sürükləmək niyyətində deyil. Bununla belə, Tramp əlavə edib ki, əgər ABŞ-a qarşı təhdid yaranarsa, cavab “son dərəcə sərt və amansız” olacaq.