69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr edən, oynadığı epizodik rollarla tamaşaçı sevgisini qazanan, tanınmış aktyor, epizodik rolların mahir ifaçısı, kino istehsalı təşkilatçısı Bahadır Əliyevin 90 illik yubileyidir.
Bahadır Əliyev 24 fevral 1933-cü ildə Masallıda anadan olub.
1952-1957-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb, hətta bir müddət kinostudiyada dublyaj sexinin müdir müavini işləyib.
80-dək filmdə rol alıb, bir çox filmlərin səsləndirilməsində iştirak edib. “Ulduz” (Qədir), “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (bəy), “Kölgələr sürünür”, “Əsl dost”, “Qəribə əhvalat”, Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat” və s. filmlərdə yaratdığı obrazlar, eləcə də SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və 40 quldur” filmindəki obrazı hazırda da böyük maraqla baxılır.
Aktyor Orta Asiya respublikalarında bir çox filmlərə dəvət alıb. Özbəklərin sevilən “Şerəli və Aybərçin” filmində əsas obrazlardan birini canlandırıb.
“Kino fədailəri” rubrikasının bu nömrəsini Bahadır Əliyevə həsr etməyimiz heç də təsadüfi deyil. Çünki o, kino ilə nəfəs alan nadir kino adamlarından idi. Filmlərə çəkilmək, onun aktyorluq imkanlarının görünən tərəfi idi, eyni zamanda bununla kifayətlənmir, həm də rejissor assistenti, II rejissor, film direktoru, mühəndis, inzibatçı kimi də titrlərdə görünürdü.
Onun sonuncu çəkildiyi kadr kütləvi səhnələrdə yer aldığı “Bəyin oğurlanması” filmidir. Kino sevgisi aktyorun kütləvi səhnələrdə yer almasına belə şərait yaradıb.
Onu tanıyanlar deyir ki, Bahadır Əliyev kinonun inzibati işlərinə də çox vaxt həsr edib. “Mozalan” satirik kinojurnalında çox çəkilib.
Poeziyanı sevir, həm də şerlər yazırmış.
Qeyd edək ki, geniş tamaşaçı auditoriyası onu daha çox “Ulduz” ekran əsərindən tanıyır.
1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında rejissor Ağarza Quliyevin quruluş verdiyi filmdə aktyor kolxoz sədri Qədir obrazını yaradır.
B.Əliyev kolxoz sədri obrazını özünəməxsusu şəkildə canlandıramqla yanaşı, çalışıb ki, şöhrətpərəst, özündənrazı qəhrəmanını sevə-sevə, həm də bütün çalarları ilə tamaşaçıya təqdim etsin və buna nail olub da.
Gözləmək olardı ki, bu filmdən sonra aktyor fərli janrlarda olan filmlərdə xarakterik obrazlara dəvət olunsun. Ancaq onun gözlədiyinin əksi olur. Belə ki, aktyor 1965-ci ilin sonunda kinostudiyada böyük inzibatçı vəzifəsinə keçirilir. Buna baxmayaraq ruhdan düşmür, epizodik rollarla kifayətlənməli olduğunu anlayır. “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii, “Yun şal” bədii televiziya filmlərində çəkilir. “İstintaq davam edir” filmində kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.
Görünür onun taleyində daha çox kinoda inzibatçı kimi çalışmaq var imiş, çünki bu işin öhdəsindən yaxşı gəlirmiş.
1968-ci ildən kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsinə təyin olunur və 1973-cü ilə kimi bu vəzifəni icra edir. Beləcə, həm xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə onun da imzası var.
Aktyor ştatında olmadığı halda bir çox filmlərdə rol alan B.Əliyev, nəhayət ki, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüd yaşına qədər çalışır. Həmin illərdə bir çox filmlərdə çəkilir.
Çoxuşaqlı ailəsi, bərəkətli süfrəsi, həmkarlatı arasında etibarı, sədaqətilə tanınan Bahadır Əliyevi 90 illik yubiley yaşında böyük sevgi və hörmətlə yad edirik!
Azərbaycan Kinematoqrafçılar İttifaqı