“Üzərində bu söz yazılmış şokoladları almayın…Bitki yağı ilə şokolad olmaz” –Azərbaycanlı qida mühəndisi sirrləri açdı

“Əgər şokoladın üzərinə “İstifadə müddəti 1 il” yazılıbsa, almayın. Bir ilə heç vaxt şokolad qalmır”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru, qida mühəndisi Sevinc Məhərrəmova “Kaspi” qəzetinə müsahibəsində ölkədə satılan şirniyyatların keyfiyyəti ilə bağlı danışarkən deyib.

Onun sözərinə görə, şokoladların dadının olmamasından şikayətlənənlər seçimi doğru etməlidirlər: “Bəzən deyirlər ki, şokoladlar dadlı deyil. Dadlı şokoladlar var, amma seçməyi bacarmaq lazımdır. Şokoladın acı, tünd, südlü, ağ və məsaməli növləri var. Məsələn, acı şokoladın 50-55 faizə qədəri təmiz şokoladdır. Bu rəqəm tünd şokoladda 40-45 faiz, adi şokoladlarda isə 25-30 faizdir. Məsaməli şokolad isə daha yüngüldür. Acı şokoladın içərisində rəndələnmiş kakao, kakao yağı, şəkər və bir də lesitin olur. Tünd şokoladlarda da həmçinin. Tündlə acının fərqi odur ki, acılarda şəkər çox az olur, tünd şokoladların da rəndələnmiş kakaosu çoxdur. Südlü şokoladda da eyni məhsullardır, sadəcə süd də qatırlar. Ağ şokoladda da həmin məhsullardır, əlavə edilməyən rəndələnmiş kakaodur”.

Alimin sözlərinə görə, kakao yağı şokoladların hamısında olmalıdır ki, o dadı hiss edəsən: “Üzərinə rəndələnmiş kakao, kakao yağı şəkər yazılıbsa, bu, şokoladdır. Kakao tozu, kakavella yazılırsa, ondan şokolad dadını ala bilmərik, çünki içərisində şokolad yoxdur. Yaxud üzərində kakao yağı deyil, bitki yağı olduğu yazılır. İstənilən şokoladda bitki yağı olur. Amma kakao yağı bitki yağı ilə əvəz edilibsə, o, şokolad deyil. Çox vaxt üzərinə yazılır, sadəcə fikir vermək lazımdır”.

“Tərkib deyilən qaydada yazılsa da dadı heç də yaxşı deyil. Necə təyin edək ki, bu şokolad yaxşıdır?” sualını qida mühəndisi belə cavablandırıb: “Şokolada təbii kakaonun qoxusu olmalıdır. Əgər onda vanil, meyvə qidaları varsa, demək üstünü meyvələrlə, meyvə quruları ilə örtüblər. Şokolad kağızını açırsan, üzəri parlaqdırsa, həqiqi şokoladdır. İçi parıltısız, üstü parlaq ola bilər. Sındırırıq, səs gəlirsə, o şokoladdır. Ağıza alınanda əriyirsə, damağa yapışmırsa, şokoladdır. Şokolad yandırılır. Yanırsa, şokolad deyil, əriyirsə, şokoladdır. Şokolad hazırlayanda su əlavə edib çəkisini artırırlar. Dondurucuya qoyulub götürdükdə plitka şokoladın kağızını açırıq, üzərində ağ qat, boza çalan kölgə əmələ gəlir. O, təmiz şokoladdır. Su əlavə edilmiş şokoladda buz görüntüsü olacaq. Şokolad rəngləndikcə zolaqlar əmələ gəlir. Bir də var toz kimi tökülür, içərisi də bozarmış olur”.

Azərbaycanın sovet vaxtı məşhur brendi olan “Çinar” şokoladları barədə danışan alim bildirib ki, hazırda bu adla buraxılan məhsulun tərkibi tamam dəyişdirilib: “Əvvəllər “Çinar” şokoladdan hazırlanırdı, içərisində yaşıl fıstıq idi. Amma indi üzərindəki kakao tozudur, içindəki araxis. Kakao yağı deyil, bitki yağı istifadə edilir. Ondan əvvəlki “Çinar” alınacaq? Tərkib tamam dəyişib. Əvvəlki dadı almaq üçün gərək əvvəl onun xammalını axtaraq”.

Saxta malı fərqləndirməyin yolunu deyən S. Məhərrəmova bildirb ki, saxta şokoladın  kağızı üstə kakao yağı, rəndələnmiş kakao, yazılsa da içində olmur.: “Üstünə yazırlar ki, kakavella. O kakao deyil, kakao qabığının tozudur”.

 Şokoladların istifadə müddətinə toxunan alim bununla bağlı bildirib: “Əgər şokoladın üzərinə “İstifadə müddəti 1 il” yazılıbsa, almayın. Bir ilə heç vaxt şokolad qalmır. 4-6-8 ay arasında qalır. Bu müddət içliyi, əsasən, dəyişir. İçlikli şokoladdırsa, içərisində məsələn, üzüm quruları, kişmiş olur. Onların saxlanma müddəti az olmalıdır. Çünki içərisində nəmi var. Məhsulda nə qədər nəm varsa, bir o qədər tez köhnələcək. Çünki mikroorqanizmlər nəmli mühitdə çoxalır. Çəki ilə şokoladlar var. Südlü, meyvəli, qrilyajlı və s. İçərisində qoz, fındıq, araxis varsa, onlar yağlıdır, yağ içində oksidləşir, şokolad dadını dəyişir. Assorti şokoladlar var. Onlar 6-8 ay qalır. Qutudakı şokoladların üzərində saxlama müddəti 1 il yazılır. Alırıq, görürük ki, heç dadı da yoxdur. Üstünə “istifadə müddəti 1ildir” yazılan şokolad alınmaz”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya ordusu Donbasda hücuma keçib, döyüşlər gedir –

Sonrakı məqalə

İran ordusunun hərbçiləri Şəhidlər Xiyabanını ziyarət edib-