Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb –

RƏSMİ (YENİLƏNİB)
31 May 2021 - 15:22

Hərbi Prokurorluq Vətən müharibəsində itkin düşmüş daha bir hərbçi – İmanov Məmmədağa İqab oğlunun nəşinin tapılması barədə məlumat yayıb.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Qeyd olunub ki, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır.

Həmçinin bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır, deyə prokurorluğun məlumatında vurğulanıb.

**

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin yaxınları məlumat verib.

Bildirilib ki, Neftçala rayonu, Dalğa kənd sakini, 2001-ci il təvəllüdlü əsgər İmanov Məmmədağa İqab oğlunun nəşinin aşkar edilməsi barədə onlara məlumat verilib.

Qeyd edək ki, Beyləqan rayonunda hərbi xidmətdə olan əsgər sonuncu dəfə 2020-ci ilin sentyarın 29-da ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra isə ondan xəbər olmayıb.

Şəhid sabah Neftçala rayon qəbiristanlığında dəfn olunacaq.