Vətən müharibəsində iştirak edən şəhid İlham Abbasovun xatirəsi anılıb

Vətən müharibəsi şəhidi İlham Abbasovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhid İlham Abbasovun anım mərasimində şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin, Etika Akademiyasının Qarabağ nümayəndəliyinin əməkdaşları, qazi və veteranlar, şəhidin dostları, məktəb kollektivi, qəsəbə sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər şəhidlərimizə rəhmət diləyib və onların göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, 44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Vətən torpaqlarını azadlığa qovuşdurdu. Vətən uğrunda canını sipər edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlar həm də gələcək nəsillər üçün örnək oldular.

Qeyd edilib ki, həmin şəhidlər sırasında İlham Abbasov da yer alır. Onun həyat yolundan və qəhrəmanlığından söhbət açanlar bildiriblər ki, əslən Füzuli rayonunun Dilağarda kəndindən olan İlham Abbasov 2000-ci il martın 13-də Biləsuvar 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. 2003-ci ildə isə ailəsi ilə birlikdə Füzuli rayon “Qayıdış” qəsəbəsinə köçüb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan İlham gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoyub. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq qulluqçu olaraq Vətənin keşiyində dayanıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbhənin yarılmasında şücaəti ilə seçilən İlham Füzuli uğrunda döyüşlərdə şəhid olub.

İlham Abbasov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğurunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident:

Sonrakı məqalə

Ukraynada Rusiya ordusunun generalı öldürülüb –