Vətəndaşlar Prezidentə və Birinci Vitse-prezidentə etibar edir –RƏY SORĞUSU (NƏTİCƏLƏR)

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.

Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Ümumiləşdirərək qeyd etmək olar ki, cari ilin yanvar-aprel aylarını əhatə edən dövrdə ölkə rəhbəri tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən beynəlxalq və yerli səviyyəli 20-dən çox görüş və səfər, 30-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 50-ə yaxın qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 20-dən artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 30-dan çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Genişmiqyaslı fəaliyyət xronikasından cari ilin əhatə olunan dövrü üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

 

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.

 

Keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

 

Prezidentin müxtəlif istiqamətlərdə ictimai-siyasi fəaliyyətinə münasibətlə bağlı qeyd edək ki, bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3% çox yaxşı, 10,5% əsasən yaxşı), 2) xarici siyasət (84,8% çox yaxşı, 13,8% əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1% çox yaxşı, 14,5% əsasən yaxşı) strateji fəaliyyəti qərarlaşıb.

Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8%-i tərəfindən çox yaxşı, 28,5%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,1%-i əsasən pis, 3,6%-i çox pis cavablarını qeyd edib. Mövqe bildirməkdə çətinlik çəkənlər 1,0% təşkil edib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9%-i çox razı, 17,2%-i əsasən razı olduğunu bildirib. 2,5% respondent əsasən razı olmadığını, 2,7% respondent heç razı olmadığını qeyd edib. 0,7% respondent bu barədə mövqe bildirməyib.

Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2%-i tərəfindən çox yaxşı, 30,3%-i tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib. Respondentlərin 3,3%-i əsasən pis, 4,9%-i çox pis mövqeyini bölüşüb. 4,3% cavab verməkdə çətinlik çəkib.

Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,7%-i əsasən pis, 6,2%-i çox pis cavabını qeyd edib. 2,6% respondent rəy bildirməyib.

Prezidentin ölkədə ictimai-siyasi sabitlik istiqamətində fəaliyyəti respondentlərin 75,0%-i tərəfindən çox yaxşı, 22,4%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Rəyi öyrənilənlərin 0,6%-i əsasən pis, 1,2%-i çox pis mövqeyini bölüşüb. 0,8% respondent bu barədə mövqe bildirməyib.

Əvvəlki məqalə

İlham Əliyev Şuşa konfransının iştirakçılarına məktub ünvanlayıb

Sonrakı məqalə

Qarabağda Şuşa Bəyannaməsinin birinci ildönümü qeyd olunur –