Vətəndaşlıqdan çıxan rusiyalı idmançılar təzminat ödəməli olacaqlar

Rusiya hakimiyyəti vətəndaşlıqdan çıxan rusiyalı idmançıları təzminat ödəməyə məcbur edəcək.

Azpost.info xəbər verir ki, bununla bağlı qanun layihəsi Rusiya Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən hazırlanır.

Sənədə görə, digər ölkələr üçün beynəlxalq yarışlarda iştirak etmək qərarına gələn rus idmançılarından təzminat ödənilməsi tələb olunacaq.

Bu halda onlar idman məktəbləri, federasiyalar və idman hazırlığı mərkəzlərinin xərclərini ödəməli olacaqlar.

“Bu, bizim vergi ödəyicilərimizin puludur, onu boş yerə sərf etmək olmaz”, – Dumanın Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Dmitri Svişçev deyib.

Yarışa hazırlıq xərclərini təkbaşına ödəmiş idmançılar kompensasiya ödəməkdən azad olunacaqlar. Bundan əlavə, Rusiya milli komandasına namizəd olmayan idmançılar xərclərini ödəməli olmayacaqlar.

Qanun layihəsini Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti və Rusiya yığmasının baş məşqçisi İrina Viner dəstəkləyib. Onun sözlərinə görə, idmançıları milli komandalarda məşq etmək üçün xərclənən dövlət vəsaitinin ödənilməsinə məcbur etmək olduqca məqsədəuyğundur.

Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı müharibə minlərlə rusiyalı idmançını beynəlxalq yarışlarda iştirak etmək hüququndan məhrum edib. Bu səbəbdən 2022-2023-cü illər arasında ən azı 204 rusiyalı idmançı idman vətəndaşlığını dəyişib.

Azpost.info

 

Əvvəlki məqalə

Tibb Universitetinin tələbəsi vəfat edib –

Sonrakı məqalə

Sahibə Qafarova Fuat Oktayla görüşüb