Vikinqlər dəmirçilik sənətini yüz ildən az müddətdə öyrəniblər –Arxeoloqlar

Arxeoloqlar aşkar ediblər ki, Avropanın ilk vikinqlərinin dəmirçiləri bu sənətə çox tez yiyələnib: onlar yüz ildən az bir müddətdə bu sənətin ustasına çevriliblər. Tədqiqatın nəticələri “Archaeological and Anthropological Sciences” jurnalında dərc edilib.

TASS informasiya agentliyi xəbər verir ki, yeni tədqiqatda vikinqlərdə dəmirçilik sənətinin inkişaf tarixi araşdırılıb. Britaniya xronikalarına görə, Avropa sakinləri vikinqlərlə ilk dəfə VIII əsrin sonunda qarşılaşıblar. Vikinqlər tezliklə anlamışlar ki, sahilboyunda yerləşən monastırlar və anqlosakson krallıqlarının vilayətləri zəngin qənimət əldə etməyin asan mənbəyidir. Nəticədə İngiltərə üzərinə yürüşlər başlanıb. Sonralar normanlar öz maraqlarını Avropanın digər ərazilərində genişləndirərək sahilboyunda yaşayan insanların həyatı və təsərrüfatı üçün başlıca təhlükə olublar.

Vikinqlərin uğurlarında onların qorxmazlığı və cəngavərliyi ilə yanaşı, hərbi-texniki yeniliklərinin rolu da qeyd edilir.

Orfanu və onun həmkarları vikinqlərdə dəmirçilik sənətinin inkişaf tarixini araşdırıblar. Onlar Danimarkanın Ribe şəhərində aşkarlanmış VIII-IX əsrlərə aid vikinq düşərgəsində metal külçələri, əridilmiş metal üçün qəlibləri, kürə və digər dəmirçi alətlərini tədqiq ediblər. Həmin tapıntıların yaşını təyin edən alimlər vikinqlərin istifadə etdikləri ərintilərin kimyəvi tərkibini, hazırlanma metodunu müəyyənləşdirib, habelə silah, metal bəzək əşyaları və ləvazimatların səthini diqqətlə öyrəniblər. Bunun nəticəsində arxeoloqlar bir əsr ərzində onlarda dəmirçi texnikasının necə dəyişdiyini izləyə biliblər. Məlum olub ki, VIII əsrdə vikinqlərdə dəmirçilik nisbətən zəif inkişaf edib. Bunu həmin dövrdə istifadə edilmiş mis ərintilərinin qarışıq kimyəvi tərkibi, habelə kürənin və digər alətlərin primitiv quruluşu göstərir. Lakin sonrakı onilliklərdə onların ustalıq səviyyəsi sürətlə yüksəlib. Əmək alətinin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Onlar təkcə mis və gümüş ərintilərindən deyil, həmçinin bürünc və bahalı metallardan, o cümlədən qızıl və gümüşdən istifadə etməyə başlayıblar.

Alimlərin fikrincə, belə sürətli inkişaf vikinqlərin sənətin sirlərini digər ərazilərdəki vikinqlərlə bölüşməsi, həmçinin şagirdlərinə ötürməsi ilə bağlı olub. Bunu Ribedəki tapıntıların forma və tərkib baxımından Hedebyudakı analoji artefaktlara çox yaxın olması da təsdiqləyir. Vikinqlər erasının fərqləndirici cəhətlərindən biri də ondadır ki, həmin dövrdə Şimali Avropada yaşayış məskənləri arasında təmasların sayı kəskin artıb. Onlar arasında dəmirçi sənətinin inkişaf tarixinin tədqiqi “qloballaşmanın” bu ən qədim formasının mədəni və sosial təsirlərini öyrənməyə imkan yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Peterburqda saxlanılan ukraynalı konsul Rusiyanı tərk etdi –

Sonrakı məqalə

Azərbaycan kubokunda “Zirə” qalib gəlib –