“Bu gün həkimlərimiz, gizli qəhrəmanlarımız var, insanların həyatlarını xilas etməyə çalışırlar”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli deyib ki, avtobuslar xətlərə çıxan zaman texniki cəhətdən saz olmalıdır: “Bu gün və dünən hər hansı qəza, vətəndaşlarımızın xəsarət alması baş vermədi. Bir qəza həkimlərin işinin artması deməkdir”.
V.Kərimli qeyd edib ki, 2016-cı ilin bu günlərində aprel döyüşləri olub, bu döyüşlər zəfərlə başa çatıb: “Orada ön cəbhədə olan əsgərlərimiz, burada ön cəbhədə olan həkimlərimizdir. Bir səbəb olmadan evdən çıxmağı özümüzə qadağan etməliyik. İndiyə qədər dünyada nə səhiyyə, nə də nəqliyyat belə fors-major hala hazır olub. Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır. Bunun da yeganə yolu hazırda özünütəcriddir. Ali Baş Komandan 4 dəfə vətəndaşlara müraciət etdi. Birinci vitse-prezident Mehriban Əliyeva da bir xanım, ana kimi təhlükəni görərək insanlarımıza müraciət etdi. KİV də vətəndaşları daha çox maarifləndirməlidir”.