“Dini cəhətdən Azərbaycanda gördüyüm rahatlığı Parisdə görə bilmərəm”.
Bu sözləri ötən həftə Bakıda keçirilmiş beynəlxalq elmi konfransa həsr olunan ziyafətdə İsrailin ölkəmizdəki səfiri Corc Dik söyləyib.
Bu açıqlama Azərbyacanda mövcud olan dini həmrəyliyin daha bir təsdiq mesajıdır. Ölkəmiz bunu min illik tarixə söykənən böyük bir mirasına söykənərək qazanıb.
Bu məsələdə dövlət siyasəti, ictimai rəy, ənənələr vacib rol oynayır. Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəylik, dözümlülükdür.
Azərbaycanda dini icma rəhbərlərini bütün tədbirlərdə, qəbullarda həmişə bir yerdə görmək olur. Zaman-zaman ölkəmizdə müxtəlif konfessiyaların qarşıdurmasına cəhd ediblər. Amma belə cəhdlər həmişə uğursuz olub. Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib.
Prezident İlham Əliyev öz müsahibələrinin birində dövlətin milli –mənəvi dəyərlərin möhkəmləndirən, mədəniyyətlərarası dialoq istiqamətində görülən işləri vacib məqam adlandırmışdı.
Prezidentin sözlərinə görə, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edirlər.
“Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Dini Liderlərin Bakı Zirvə Görüşündə iştirak etmiş Rusiyanın patriarxı Kirill, Bakıda səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət verib. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Bu, böyük nailiyyətimizdir”-deyə dövlət başçısı qeyd edib.
Bu məsələnin tənzimlənməsində QMİ-nin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin böyük rolu var. Daim vəhdət prinsipi ilə çıxış edən QMİ sədri səmavi dinlərin mehriban əməkdaşlığını dəstəkləyib. Onun görüşlərə, rəsmi tədbirlərə daim müxtəlif konfessiya rəhbərləri ilə qatılması, məsələhtləşməsi, müzakirə aparması vahidliyin bir nümunəsinə çevrilib.
Ölkədə tolerantlıq mədəniyyətinin inkişafında QMİ tarixən özünəməxsus rol oynayıb və dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib.
QMİ ölkənin böhranlı anlarında, qanlı-qadalı günlərində ölkəyə rəxnə salmaq istəyən böyük güclərin “inanc” oyunlarına qarşı sərt üzünü göstərib. Azərbaycan 33 il əvvəl -1990-cı ildə ilk dəfə belə idbar prosesin şahidi olmuşdu. 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıda törətdiyi qanlı qırğından sonra sovet rəhbərliyi həyasızcasına günahı Azərbaycanda “islam təməlçiliyi”nin üzərinə atmağa çalışdı. Onlar guya Bakıda dini zəmində toqquşmaların qarşısını aldıqlarını bəyan edirdilər.
Lakin 22 yanvar 1990-cı ildə Şəhidlərin milyonluq dəfni zamanı Şeyxülislamla birlikdə rus pravoslav kilsəsinin, yəhudi dini icmasınınr əhbərləri addımlayırdı. Pravoslav keşişləri Bakıda törədilmiş qanlı faciəni lənətlədilər. Dini icma rəhbərləri 40 gün Şəhidlər Xiyabanında müsəlman din xadimləri ilə birgə Şəhidlərin xatirə mərasimində çiyin-çiyinə durdular.
Bu demarş Moskva üçün sürpriz oldu. Ölkəmiz o zaman etiqad qardaşlığı sınağından uğurla çıxdı.
Müstəqil Azərbaycanın bütün tarixində QMİ sədri dini icma rəhbərləri ilə birgə oldu, ölkədə əməkdaşlığın möhkəm platformasını yaratdı. Bu, müsəlman ölkələrinin din xadimləri üçün çox nadir hallardan sayılır. QMİ daim bu xəttə daim sadiq olub. Azərbaycanda dini əməkdaşlıq icmaların qardaşlıq mesajlarından güc alır, dövət siyasətinin əsas prinsipləri üzərində bərqərar olub.
Bütün bunlar isə din, hakimiyyət və cəmiyyət arasında vəhdət yaradır.
Allahşükür Paşazadə dünya işlərindən təcrid edilmiş dini rəhbər kimi deyil, ictimai xadim olaraq bəşəri dəyərlərin və humanizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edib. QMİ sədrinin Avropanın xristian, Asiya və Yaxın Şərqin müsəlman dövlətləri arasında əməkdaşlıq körpüsünün qurulmasında xidmətləri danılmazdır. Şeyxülislam bütün bu illərdə Azərbaycanın dünya çapında tanınmasında, ülvi ideyaları tərənnüm edən, dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.
44 günlük Vətən Müharibəsi bir daha qardaşlığımızın sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibəni ölkəmizin bütün dini icmaları dəstəklədi. Məhz bu birlik erməni kilsəsinin müharibəni dini müstəviyə keçirmək cəhdinin qarşısını aldı.
Ölkədə dini tolerantlığın əsas məqamı nədir? Bu məsələ inzibati idarəetməyə əsaslanmır. Bu əsasını minillik tarixdən götürür. Müqqədəs kitablarda daim təşviq edilən qardaşlıq bu diyarda həmişə var olub.
Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərin görüşü zamanı bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Dözümlülüyü, multkultural prinsipləri təbliğ edən QMİ sədri özünün sadiq olduğu “darül-əhd” prinsipinə sadiqdir. A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin birgəyaşayış və tolerantlıq prinsiplərinin ardıcıl təbliğatçısıdır.
Ukrayna savaşı ilə yeni dünya düzəninin qurulmasına verilən start Qafqaz regionundakı dövlətlərdən həssas yanaşmanı tələb edir. Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı möhkəm zirehdir. Multkulturalizm və tolerantlıq siyasəti inteqrasiya üçün vacib çağırışlarıdır. Əsas hədəf kimi müxtəlif dini konfessiyaların əməkdaşlığına söykənən bu siyasətlə dövlət onları əsas tərəfdaşına çevirib. Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən sağlam modeldir.
A.ABBASOV