Xəzər Universitetində Nailəxanım təqaüdü təqdim olunub

2021-ci il noyabrın 12-də Xəzər Universitetinin Mərmər salonunda Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi keçirildi.

Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və əməkdaşları,  “Dünya” məktəbinin rəhbərliyi və əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak edirdilər.

Mərasim Nailəxanım İsayevanın həyat tarixçəsini əks etdirən ekran xronikası ilə başlandı. İştirakçılar görkəmli pedaqoqun geniş və çoxşaxəli fəaliyyəti ilə tanış oldular.

Tədbir Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin nüdiri, pianoçu, əməkdar müəllim Zülfiyyə Sadıqova) müşayiəti ilə davam etdi. Nailəxanım İsayevanın çox sevdiyi musiqi –  XVIII əsr italyan bəstəkarı Tomazo Albinoni`nin “Adajio”su ifa olundu.

Tədbirin aparıcısı – “Dünya” məktəbinin müəllimi Arzu Ömərova Nailəxanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün Xəzər Universiteti rəhbərliyinin qərarını nəzərə çatdırdı.

2017-ci ildə “Dünya” məktəbinin studiyasında çəkilmiş “İnci çiçəyi” filmindən bir hissə, Nailəxanım İsayevanın bəstələdiyi mahnılar Flora Kərimova, Brilliant Dadaşova, Manana, Aygün Bəylər, İlqar muradov, Fərid Əliyev, “Kristal” qrupu və “Dünya” uşaq xorunun  ifasında kiçik fraqmentlərlə,  Xalq  artisti Alim Qasımov və “Dünya” məktəbi studiyasının hazırladığı “Nə olaydı”,  “Dünya” məktəbi studiyasının hazırladığı “Mən xoşbəxtəm” videominiatürləri nümayiş etdirildi.

Kamera orkestrinin ifasında Xalq artisi, bəstəkar Sərdar Fərəcovun Nailəxanımın xatirəsinə həsr etdiyi “Elegiya” (müəllifin dirijorluğu ilə), görkəmli bəstəkar Cavanşir Quliyevin Kiprdən göndərdiyi “Nailə – elegiya və ya simfonik lövhə” səsləndirildi.

Mərasimdə Xalq artisti Flora Kərimova çıxış edərək, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İayevanın olan “Təklik” mahnısını ifa etdi. Əməkdar artist Nuriyyə Hüseynova  Nailəxanım İsayeva haqqında xatirələrini danışdı və mahnı ifa etdi.

Sonra Nailəxanım təqaüdünün təqdimati oldu. Təqaüdü əfqanıstanlı tələbəyə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvləri – Aygün Gardiner, Zeynəb Gürbüz, Aytən İsayeva və universitetin Təbiət elmləri, sənət və mühəndislik yüksək fakültəsiinn dekanı Səidə Şərifova təqdim etdilər. Əfqanıstanlı tələbə bu təqaüdə layiq görüldüyünə görə Xəzər Universitetinə təşəkkürünü bildirdi.

Qeyd edək ki,  Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdü magistr və doktorantura təhsili almaq istəyən xanım namizədlər üçün tam maliyyələşdirilmiş təqaüd proqramıdır.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəmirin sabiq icra başçısı apellyasiya şikayəti verib

Sonrakı məqalə

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub