Qarabağ bölgəsində genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında işğal dövründə salınmış qanunsuz tikililərin söküntüsünə başlanılıb. AzPost bildirir ki, bu barədə Prezidentin Xankəndi, Xocalı və Ağdərə üzrə xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.
Onun sözlərinə görə, bu ərazilərdə 30 ildən artıq müddətdə aparılan özbaşına və pərakəndə tikinti işləri şəhərlərin memarlıq üslubuna ciddi ziyan vurub. Həmin tikililər nəinki memarlıq baxımından ziddiyyətlidir, həm də tikinti normalarına uyğun olmayan, keyfiyyətsiz konstruksiyalardır. Buna görə onların əksəriyyəti sökülür.
E.Yusubov bildirib ki, Xankəndidə Qarabağ Universitetinin böyük şəhərciyinin salınması planlaşdırılır və bu məqsədlə ətraf ərazilərdə də söküntü işləri həyata keçirilir. Tikinti normalarına cavab verən obyektlər isə saxlanılır.
Xüsusi nümayəndənin sözlərinə görə, keçmiş məcburi köçkünlərin geri dönüşü və yerləşdirilməsi də prioritet istiqamətlərdən biridir. Xocalının Ballıca kəndində artıq 200 ev bərpa edilib və işlər davam etdirilir. Ağdərənin Talış, Suqovuşan və Həsənriz kəndlərində isə həm yenidənqurma, həm də köçürülmə prosesi aparılıb.
Əlavə olaraq, bu ərazilərdə məşğulluq imkanlarının artırılması məqsədilə 45 milyon manata yaxın özəl investisiya yatırılıb və nəticədə yüzlərlə yeni iş yeri yaradılıb. Yaxın gələcəkdə Xankəndidə emal müəssisələrinin yaradılması, Xocalı və Ağdərədə isə kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. (Apa)