Xaricdə təhsil vədi ilə pul yığan ekspertin işi yenidən məhkəmədə. Ali Məhkəmə Anar Xəlilovla bağlı hökmdə dəyişiklik edib. AzPost bildirir ki, Ali Məhkəmədə “Smart Business Qroup” şirkətinin direktoru, mətbuatda təhsil eksperti kimi tanınan Anar Xəlilovun cinayət işi üzrə kassasiya şikayətinə baxılıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ali Məhkəmə əvvəlki məhkəmə qərarını tamamilə ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
İttiham aktına əsasən, A.Xəlilov beş vətəndaşı aldadaraq övladlarını xaricdə təhsil almağa göndərmək adı ilə onlardan ümumilikdə doxsan yeddi min səkkiz yüz qırx beş manat pul alıb. Təqsirləndirilən şəxs zərərçəkənlərlə barışıq əldə edib və dövlətə dəymiş ziyanın əlli faizini — qırx səkkiz min doqquz yüz iyirmi üç manatını ödəyib.
Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il on dekabr tarixli hökmü ilə A.Xəlilov beş il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onu cinayət məsuliyyətindən azad etmiş və cinayət işinə xitam vermişdi.
Ali Məhkəmənin son qərarı ilə bu xitam aradan qaldırılıb və işə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyasında baxılacaq.
Xatırladaq ki, təhsil eksperti kimi tanınan Anar Xəlilov müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verib.