Xocalıda kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb- Baş Prokurorluq

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində martın 1-də daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.

Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Əvvəlki məqalə

“Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb

Sonrakı məqalə

Sənədsiz evlərin çox olduğu bələdiyyələrin birləşməsi prosesi necə olacaq?