“Xocalıda evim tikilir, ora köçəcəyəm…” –DEPUTAT ELMAN MƏMMƏDOV  

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Azpost.info-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

32 illik həsrət bitdi və artıq bütün ərazilərimiz kimi, Xocalı da azaddır. Doğma şəhərinizin işğaldan azad olunması xəbərini necə qarşıladınız, hansı hisslər keçirdiniz?

–  Bizim hər birimizin vətənimiz Azərbaycandır, amma hər bir insan üçün vətən anasının onu doğduğu yerdən başlayır. Təsəvvür edin ki, doğulduğun şəhər, rayon, kənd 32 illik işğaldan sonra azad edilir. Bu xəbəri eşidəndə keçirilən hissi sözlə ifadə etmək asan deyil. 44 günlük Vətən müharibəsində ərazilərimizin böyük qismi işğaldan azad olunanda sevinc hissi keçirdik, bu ilin 19 sentyabrında keçirilən 11 saatlıq antiterror əməliyyatından sonra da qalan ərazilərimizin azadlığına sevindik. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda Azərbaycan bayrağı dalğalanır. Bu, inanılmaz hissdir, qürur hissidir. Suverenliyimiz bütün ərazilərimizdə təmin olunub. Bununla təkcə Qarabağdan olan insanlar yox, bütün azərbaycanlılar qürur duymalıdır, hər kəs sevinc hissi ilə qarşılamalıdır.

32 ilin həsrəti bitdi və biz indi Qarabağa qayıdırıq. Hər məclisdə, bayramda arzu edirdik ki, bu bayramları Xocalıda qarşılayaq, bu məclisi Xocalıda keçirək, Əsgəranda keçirək, Xankəndidə keçirək, Şuşada keçirək. Yəni bu arzu tək qarabağlıların yox, bütün azərbaycanlıların dilində idi. Şükür ki, bu arzumuza çatdıq.

-Xocalının azad edilməsi xəbərini necə, haradan eşitdiniz?

-Antiterror əməliyyatlarında Xocalının müəyyən qurumlarının əməkdaşlarından da iştirak edənlər var idi. Əməliyyatdan sonra, sentyabrın 20-də həmin şəxslər bizə Xocalının azad edildiyi xəbərini göndərmişdilər. Mən sentyabrın 21-i səhər saatlarında Bakıdakı Şəhidlər xiyabanına getdim. Xiyabanda 12 Xocalı şəhidinin məzarı var, o cümlədən də mənim anamın da məzarı oradadır. Hər bir şəhidimizi ziyarət etdim, əlimi qəbir daşının üzərinə qoyub dedim – Ruhunuz şad olsun, Xocalı artıq azaddır! Mən təskinliyi bu addımı atmaqla tapdım. Bu gün o ruhlar şaddır, çünki qisas alındı. Nahaq qan onsuz da yerdə qalmayacaqdı, qalmadı da. Böyük Allahımız qismət etdi, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycabn əsgəri düşməndən qisasımızı aldı, nahaq tökülən qanımız yerdə qalmadı.

-Xocalı azad olunandan sonra doğma yurdunuza getmisinizmi?

-Hələ ki, qismət olmayıb. Rəsmi məsələlər var, icazə məsələsi var ki, onlar həll olunur. İcazə verildiyi gün mütləq Xocalıya gedəcəm. Bu günü 32 ildir ki, həsrətlə gözləyirəm.

-Bundan sonra Xocalıya qayıtmaq, orada yaşamaq planınız varmı?

-Bu gün səhər evdən çıxmamışdan əvvəl “Qaçqınkom”dan bir xanım zəng etdi, dedi ki, qayıdışla bağlı narahat edir. Bildirdi ki, Xocalıya birinci qayıdanların siyahısında mənim də adım var. Əlavə etdi ki, yaxın vaxtlarda evimiz bərpa olunacaq, mənə təhvil veriləcək. Bu xəbərə o qədər sevindim ki. Əlbəttə, bundan sonra Xocalıya qayıtmaq, orada yaşamaq niyyətim var. Bu, arzumdur, diləyimdir.

Bizim Xocalıdakı evimizin yerinin görüntülərini çəkiblər, mənə atıblar, baxmışam. Evimizi ermənilər təməlindən söküblər, dağıdıblar. Ona görə də yeni ev inşa olunmalıdır. Ev tikiləndən sonra Xocalıda yaşayacam. “Qaçqınkom”un nümayəndəsinə də bu haqda bildirdim. Böyük məmuniyyətlə Xocalıya qayıdan ilk dəstənin tərkibində olacam. Həmin günü səbirsizliklə gözləyirəm.

-Məlumdur ki, antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilər könüllü şəkildə bölgəni tərk etdilər. İndi İrəvandan da, Ermənistanın havadarları tərəfindən “etnik təmizləmə” gündəmə gətirilir. Bunu necə qiymətləndirirsiniz?

-Bu, həyasızlığın pik həddidir. 1990-cı illərin əvvəllərində Azərbaycan mətbuatı bu qədər güclü deyildi, dünyaya haqq sözümüz o qədər də çatmırdı. Amma bu gün elə deyil, bizim media güclüdür. Ermənilərin Qarabağdan öz istəkləri ilə getdiyini sübut edən yüzlərlə, minlərlə materiallar, videolar var. Oradan çıxan hər bir erməninin hansı şəraitdə ərazini tərk etdiyinin görüntüləri var. Bu faktlar dünyaya yayılır. Ermənilərin necə şüvən olduğunu bilirik. Keçid məntəqəsində bir söz deyir, Ermənistana keçəndən sonra isə başqa söz deyir. Yəni erməni saxtakarlığı, erməni riyakarlığı yeni deyil ki, biz buna təəccüblənək. Öz istəyi ilə Qarabağdan gedənlər sonradan həyasızcasına “etnik təmizləməyə məruz qaldığını” söyləyir.

-Amma bəzi dairələr Azərbaycanın “etnik təmizləmə” aparmadığı faktlarını yox, ermənilərin yalanlarına inanırlar…

-İndi ermənidən betər erməni olan dövlətlər və beynəlxalq qurumlar var. Fransa kimi, ABŞ kimi, digər dövlətlər, təşkilatlar var ki, canfəşanlıq göstərirlər. Əslində onlar da bilirlər ki, “etnik təmizləmə” olmayıb, amma ermənipərəstliklərindən, öz maraqlarından bu mövqeni tuturlar. Allah rəhmət eləsin, Çingiz Mustafayev də, Seyidağa Mövsümlü də, Tahir Qarayev də, digərləri də Birinci Qarabağ müharibəsindən kadrlar çəkiblər. Həmin vaxt xarici jurnalistlər də gəlib çəkmişdilər, azərbaycanlıların necə, hansı şəraitdə öz yurdlarından qovulmalarının faktları var. İndi “ermənilərə qarşı etnik təmizləmə” iddiasını ortaya qoyan qüvvələr kor gözlərini açsınlar, Birinci Qarabağ müharibəsi vaxtı azərbaycanlıların necə qovulduqlarına baxsınlar. Bir də ermənilərin Qarabağdan necə, hansı rahatlıqla, oynaya-gülə getdiklərinə baxsınlar. Görsünlər ki, etnik təmizləmə necə olur?!Xocalı soyqırımını törədən ermənilər, azərbaycanlıların başına oyunlar gətirənlər ermənilər, amma etnik təmizləmədə ittiham olunan azərbaycanlılar. Bu, ədalətsizlik də deyil, həyasızlıqdır.

Təəssüf ki, müsəlman dünyasına qarşı 1500 ildən artıq dövrdür göstərilən çirkin münasibət bu gün də davam edir. Həmin Qərb dairələrinin gözləri kor deyil, görmürlər ki, Qarabağda ermənilər hansı vandallıqları törədiblər, tarixi abidələrin başına hansı oyunları gətiriblər? Biz hansı xristian abidəsini dağıtmışıq, hansı kilsəni uçurmuşuq? Gəlib baxsınlar, göstərsinlər, desinlər ki, bunu dağıtmısınız. Yoxdur elə bir hal. Dağıtmalı olsaq, Bakının mərkəzindəki erməni kilsəsini dağıdardıq da… Amma indi ittiham edirlər ki, guya Azərbaycan xristian məbədini uçurub və s. Əsassız, yalan məlumatlar ətrafında manipulyasiya edirlər.

-Sizcə, bunun səbəbi nədir?

-Bu, indinin deyil, uzun illərdir Azərbaycana qarşı aparılan şər kampaniyasının tərkib hissəsidir. Azərbaycanın güclənməsini, müsəlman ölkəsi kimi parlamasını həzm edə bilmirlər, səbəb budur. Dünyaya hüquqdan, insan haqlarından dərs keçməyə çalışan ABŞ Senatının qəbul etdiyi sənədin adına baxın: “2023-cü il erməniləri müdafiə aktı”. Bu, riyakarlığın, üzsüzlüyün nümunəsidir. 30 ildən çox idi ki, Azərbaycan əraziləri işğal altında idi. Bir dəfə azərbaycanlıların hüquqları ilə, haqları ilə bağlı ABŞ Senatı akt qəbul etdimi? Sülh vasitəçiliyi etdiyini iddia edən Amerika işğalçı, soyqırımı törətmiş Ermənistanın cəzalanması üçün hansı addımı atdı? Əksinə, 1992-ci ildə ermənilər Xocalı soyqırımını törətdikdən sonra ABŞ “907-ci düzəliş” sənədini Azərbaycana qarşı qəbul etdi. Budur Vaşinqtonun demokratiyası, haqq-ədalət anlayışı?

Hesab edirəm ki, Azərbaycana qarşı bu təzyiqlərlə, qarayaxma kampaniyası ilə nələrəsə nail olmaq istəyirlər. Amma bu, baş verməyəcək. Bu günün Azərbaycanı 1990-cı ilin Azərbaycanı deyil. Bu günün Azərbaycanı güclü dövlətdir və bütün müstəvilərdə də haqqını, hüququnu qorumağı, özünü müdafiə etməyi bacaran dövlətdir.

Rəsmi Bakı bəyan edib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra qayıdıb bölgədə qanunlarımız çərçivəsində yaşaya bilərlər. Sizcə, ermənilər renteqrasiyada, qayıdışda maraqlıdırlarmı, yəni qayıdacaqlarmı?

-Dövlət siyasətimiz hüquqa söykənir. Cənab Prezident İlham Əliyev bəyan edib ki, Qarabağdan ermənilər zorla qovulmayıblar. Onlar uzun illər onlara “rəhbərlik” etmiş hərbi xuntanın əmri ilə Qarabağı tərk etdilər, könüllü getdilər. İnanmıram ki, onlar qayıtsınlar, çünki üzləri yoxdur, gözləri kölgəlidir. O qədər pisliklər ediblər ki… Amma digər yandan, düşünürəm ki, bunlarda ki o həyasızlıq var, qayıda da bilərlər. Lakin qayıdıb yaşamağın şərtləri var. Azərbaycanda yaşamaq istəyənlər sərhəddən keçməmiş Azərbaycan Konstitusiyasına uyğun yaşamağı, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Reinteqrasiya üçün sayt yaradılıb, istəyən qeydiyyatdan keçə bilər. Biz beynəlxalq hüquqa da, insan hüquqlarına da hörmət edən ölkəyik. Onların təhlükəsizliyinə də Azərbaycan tərəfindən təminat verilir.

Mənim şəxsi istəyimə gəlincə, indi deyəcəyim fikirləri millət vəkili, rəsmi şəxs və ya siyasətçi kimi deyil, vətəndaş  kimi, məcburi köçkün kimi, soyqırımına məruz qalmış şəxs kimi deyəcəyəm. Mən bir nəfər də olsun erməninin qayıdıb bizim ölkədə yaşamasının qəti əleyhinəyəm. Bu gün Ermənistanda azərbaycanlılar yaşayırlar? Əlbəttə, yox. Bəs o zaman burada niyə erməni yaşamalıdır. Tarixin elə dövrünü yaşayırıq ki, 200 ildən sonra bizim ərazimiz ermənisizdir. Düşünürəm ki, ermənisiz də olmalıdır.

-Hazırda sülh sazişi ilə bağlı rəsmi İrəvandan və Bakıdan bəyanatlar səsləndirilir. Siz sülhün perspektivini necə görürsünüz, yaxın gələcəkdə müqavilə bağlana bilərmi?

-Azərbaycan 44 günlük müharibə bitən gündən sülh sazişi ilə bağlı təkliflərini verib. Bu müddətdə də müxtəlif variantlarda təkliflər göndərilib. Hesab edirəm ki, rəsmi Bakının sülh təklifi ədalətlidir və  beynəlxalqhüquqa uyğundur. Ermənistan isə 3 ildir ki, sülhdən yayınır, hansısa şərtlər irəli sürür. Birincisi, Ermənistanın hansısa şərt qoymaq, tələb irəli sürmək haqqı yoxdur, çünki məğlub tərəfdir. İkincisi, İrəvanın şərtləri haqsızdır, özlərinə sərf edən təkliflərdir. Azərbaycan bu şərtlərlə razılaşası, sənəd imzalayası deyil.

Məsələnin digər tərəfi var ki, bu, narahatedicidir. Məsələn, iki dalaşan adamın barışmaq niyyətləri olanda bir-birlərinin ünvanına xoş ifadələr  səsləndirirlər, xoş münasibətlər nümayiş etdirirlər. İndi Ermənistan sülh bəyanatı verir, amma dünyada o təşkilat qalmayıb ki, Azərbaycandan şikayət etsin, dünyada bizim əleyhimizə şər-böhtan kampaniyasını davam etdirir. Belə bir dövlətlə sülh imzalamaq müşküldür. Eyni zamanda, erməni toplumunun tarixinə nəzər yetirəndə görürük ki, bunlar heç vaxt sözlərinin üzərində dayanmayıblar.

-Yəni ki, sülh imzalansa da, Ermənistan yenə də işğal siyasətini davam etdirəcək…

-Dediyim də, tam olaraq budur. Ermənilər hər zaman məkrli olublar, fırıldaqlıqla, dələduzluqla məşğul olan toplumdurlar. Sabah Ermənistan sülh sazişinə imza atsa da, sülhə əməl etməyəcək. Yaxşı, İrəvan sülh istəyirsə, o zaman niyə Fransadan, Kanadadan, Hindistandan, nə bilim digər ölkələrdən silah toplayır? Xarici ölkələrin hərbçilərini niyə Ermənistanın ərazisinə yığırlar? Xarici ölkələrin hərbi təlimatçıları, kəşfiyyatçıları niyə yenidən Ermənistan ordusunu müharibəyə hazırlayır? Demək ki, Ermənistan sülh sazişi adı ilə bizim başımızın altına yastıq qoymaq, ordusunu gücləndirib yenidən işğalçı müharibəyə başlamaq fikrindədir. Belə məsələlər var ki, bunlar sülh sazişini müşkülə çevirir, sülh bağlansa da, ona Ermənistanın əməl edəcəyinə inamı sarsıdır.

Anar ABDULLA

Yazı MEDİA-nın dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda hazırlanıb.

 

 

Əvvəlki məqalə

Nazirliyin iki vəzifəli şəxsi həbs edildi

Sonrakı məqalə

Avropa Komissiyası Rusiyaya tankerlərin satışını qadağan edəcək